Xəbərlər

Nərgiz Absalamova: “Azərbaycanda jurnalist olmaq mübarizə aparmaq deməkdir” – həbsdəki jurnalistin son sözü

Hörümcək 17.06.2026 🕒 3 dəq oxuma

“Abzas Media”nın jurnalisti Nərgiz Absalamova məhkəmədə çıxış etdiyi son sözündə jurnalist fəaliyyətinə görə üzləşdiyi təzyiqlərdən, həbsindən və peşəsinə bağlılığından danışıb.

Jurnalist bildirib ki, Azərbaycanda müstəqil jurnalistika ilə məşğul olmaq daim mübarizə tələb edir.

“Azərbaycan kimi bir ölkədə yaşayıb jurnalist olmaq mübarizə aparmaq deməkdir. Üstəlik qadın kimi doğulub jurnalist olaraq işləmək işləri daha da çətinləşdirir”, – deyə o qeyd edib.

Absalamova çıxışında jurnalist olmaq qərarına ailəsinin və yaxınlarının etiraz etdiyini, lakin bu yoldan dönmədiyini bildirib. O, fəaliyyətinin ilk illərindən etibarən müxtəlif maneələrlə qarşılaşdığını, aksiyaları işıqlandırarkən zorakılığa məruz qaldığını və dəfələrlə polis bölmələrinə aparıldığını deyib.

Jurnalist qeyd edib ki, həbsindən əvvəl də, həbsdə olduğu müddətdə də öz peşəsini davam etdirməyə çalışıb.

“Bilirəm ki, həbsdən nə vaxtsa çıxsam, yenə ən başa qayıdacağam. Amma seçdiyim yoldan və bu yolda apardığım mübarizələrdən peşman deyiləm”, – deyə Absalamova bildirib.

O, jurnalistlərin həbs edilməsinin cəmiyyət üçün daha geniş nəticələri olduğunu vurğulayıb:

“Jurnalistlərin həbsi hüquq-mühafizə orqanlarından ümidini kəsən vətəndaşların son ümid yerini itirməsi deməkdir”.

Absalamova məhkəmə prosesində ona qarşı irəli sürülən ittihamları qəbul etməyib və istintaq materiallarında ciddi sübutların olmadığını bildirib. Onun sözlərinə görə, ittihamların əsasını ölkədən çıxış məlumatları, bank kartlarının olması və sonradan ifadəsindən imtina edən şəxsin dedikləri təşkil edib.

Jurnalist həbsdə olduğu müddətdə də saxlanma şəraiti ilə bağlı problemləri işıqlandırdığını bildirib.

“Bizim həbsimizlə hökumət ölkədəki vəziyyəti göstərən işığı söndürmək istəyirdi. Amma əvəzində həbs yerlərinə işıq tutduq”, – deyə o qeyd edib.

Nərgiz Absalamova məhkəməyə müraciətində jurnalist fəaliyyətinə görə peşman olmadığını vurğulayıb və gələcəkdə də həqiqətləri yazmağa davam edəcəyini bildirib.

Qeyd edək ki, “Abzas Media” işi üzrə Nərgiz Absalamova məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist və müdafiə tərəfi ittihamları siyasi motivli hesab edir. Hökumət isə ittihamların qanun pozuntuları ilə bağlı olduğunu bildirir.

Paylaş:

Əlaqəli Məqalələr