Petra Bayr: Azərbaycan tanınmış siyasi məhbusları azad etməlidir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Petra Bayr bildirib ki, Azərbaycan qurumda təmsil olunmaq istəyirsə, ilk növbədə konkret addımlar atmalıdır.
O, AŞPA-nın azı 70 üzvünün daxil edildiyi qara siyahının ləğv edilməsinin vacibliyini vurğulayıb. Bayr qeyd edib ki, özü də daxil olmaqla, həmin siyahıda yer alan deputatların, eləcə də AŞPA-nın həmməruzəçilərindən birinin Azərbaycana girişinə qadağa qoyulub. Onun sözlərinə görə, bu vəziyyət dialoq və əməkdaşlıq imkanlarını faktiki olaraq məhdudlaşdırır.
AŞPA prezidenti həmçinin Azərbaycanın ən azı bəzi tanınmış siyasi məhbusları azadlığa buraxmalı olduğunu bildirib. O qeyd edib ki, həbs olunan şəxslərdən bəziləri heç bir əsas olmadan azadlıqdan məhrum edilib və rəsmi Bakı ümumi Avropa dəyərlərinə sadiqliyini göstərmək üçün bu istiqamətdə ilk addımları atmalıdır.
Xatırladaq ki, AŞPA 2024-cü il yanvarın 24-də Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü əsas öhdəlikləri yerinə yetirmədiyini əsas gətirərək ölkə nümayəndə heyətinin etimadnamələrini təsdiqləməyib. Bundan sonra Azərbaycan quruma nümayəndə heyəti göndərməkdən imtina edib.


