İnsan Hüquqları

Jurnalistika cinayət deyil! – Azərbaycanda həbsdə olan 40 media nümayəndəsinin azadlığı üçün beynəlxalq petisiya başladılıb

admin 21.07.2026 🕒 27 dəq oxuma

Azərbaycanda həbsdə olan 40 jurnalist, bloqer və media əməkdaşının dərhal və qeyd-şərtsiz azad edilməsi tələbi ilə beynəlxalq petisiya və açıq müraciət yayımlanıb. Avropa Şurası, BMT, Avropa İttifaqı, ATƏT və demokratik dövlətlərə ünvanlanan sənəddə siyasi motivli hesab edilən cinayət təqiblərinə son qoyulması, həbsdə olan şəxslərin hüquq və sağlamlığının qorunması, pis rəftar iddialarının müstəqil araşdırılması və Azərbaycan hakimiyyətinə qarşı koordinasiyalı hüquqi-diplomatik tədbirlərin görülməsi tələb olunur. Petisiya hazırda mühacirətdə fəaliyyət göstərən jurnalistlər tərəfindən yaradılıb. Petisiyanı bu keçid vasitəsilə imzalamaq və paylaşmaq mümkündür

ƏSAS TƏLƏB

Biz beynəlxalq təşkilatları və demokratik dövlətləri Azərbaycan hakimiyyətindən bu petisiyanın əhatə etdiyi 40 nəfər jurnalist, bloqer, media əməkdaşı və media fəaliyyəti ilə əlaqəli şəxsin dərhal və qeyd-şərtsiz azad edilməsini açıq və koordinasiyalı şəkildə tələb etməyə çağırırıq. Petisiyanın hüquqi mövqeyinə görə, adı çəkilən şəxslərin azadlıqdan məhrum edilməsi və ya cinayət təqibinə məruz qalması onların qanuni jurnalist fəaliyyəti, ictimai maraq doğuran məlumatları araşdırması və yayması, tənqidi mövqe bildirməsi və ifadə azadlığından istifadə etməsi ilə əlaqəli olmaqla AİHK-nin 5-ci, 6-cı, 10-cu və konkret hallarda 18-ci maddələri, eləcə də Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu və 19-cu maddələri baxımından ciddi hüquqi suallar yaradır [5][8]. Məhkum edilmiş şəxslər üzrə qanunsuz və ya siyasi motivli hesab edilən hökmlərin ləğvi, məhkumluğun hüquqi nəticələrinin aradan qaldırılması və hüquqların bərpası, məhkəməyəqədər həbsdə və ya davam edən məhkəmə icraatında olan şəxslər üzrə isə həbs qətimkan tədbirlərinin dərhal ləğvi və siyasi motivli hesab edilən cinayət təqiblərinə xitam verilməsi tələb olunur.

DAXİLİ HÜQUQ MÜDAFİƏ VASİTƏLƏRİNİN MƏHDUD EFFEKTİVLİYİ VƏ TƏCİLİ BEYNƏLXALQ MÜDAXİLƏ ZƏRURƏTİ

2023-cü ilin son rübündən etibarən Azərbaycanda müstəqil media, jurnalistlər, media əməkdaşları və tənqidi səslər üzərində təzyiqlər kəskin şəkildə genişlənmişdir. Beynəlxalq hüquq müdafiə və media azadlığı təşkilatları Abzas Media, Toplum TV və Meydan TV ilə əlaqəli işləri, habelə ayrı-ayrı jurnalist və bloqerlərə qarşı cinayət təqiblərini ifadə və media azadlığına ciddi müdaxilə kimi qiymətləndirmişlər [11][17][18].

Abzas Media işi çərçivəsində altı jurnalist və media əməkdaşı, həmçinin RFE/RL jurnalisti Fərid Mehralızadə uzunmüddətli azadlıqdan məhrumetmə cazəsına məhkum edilmiş və 3 aprel 2026-cı ildə Ali Məhkəmə onların kassasiya şikayətlərini təmin etməyərək hökmləri qüvvədə saxlamışdır [12]. Toplum TV və Demokratik Təşəbbüslər İnstitutu ilə əlaqəli iş üzrə məhkəmə prosesi davam edir və prokurorluq 2026-cı ilin iyununda təqsirləndirilən şəxslər üçün uzunmüddətli azadlıqdan məhrumetmə cəzaları tələb etmişdir [13]. Meydan TV və onunla əlaqələndirilən şəxslər üzrə 12 nəfərin işi məhkəmə baxışındadır [14][32].

İttiham olunan şəxslər, onların vəkilləri və beynəlxalq təşkilatlar bir sıra işlərdə irəli sürülən maliyyə-iqtisadi və digər cinayət ittihamlarının jurnalistika, media fəaliyyəti və hökuməti tənqid edən ictimai mövqe ilə əlaqəli olduğunu bildirirlər. Azərbaycan hakimiyyəti isə siyasi motivli həbslərin mövcudluğunu rədd edir. Bu ziddiyyətli mövqelər fonunda təqsirsizlik prezumpsiyası, ağlabatan şübhə standartı, məhkəmələrin müstəqilliyi və AİHK-nin 18-ci maddəsi üzrə gizli məqsəd məsələsi müstəqil və qərəzsiz hüquqi qiymətləndirmə tələb edir [5].

AŞPA-nın 24 iyun 2026-cı ildə qəbul etdiyi 2663 (2026) saylı “Azərbaycanda tənqidi səslərin susdurulması” Qətnaməsi ölkədə tənqidi səslərin sistemli şəkildə susdurulması, media azadlığının ciddi məhdudlaşdırılması və AİHM qərarlarının icrası ilə bağlı davamlı problemlər barədə narahatlıq ifadə edir. Qətnamə qəbul edilərkən Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platformasının 36 jurnalistin həbsdə olduğunu qeydə aldığı göstərilir [1][2].

Qətnamənin 20-ci və son bəndində Assambleya “Azərbaycanda insan hüquqları müdafiəçilərinin və müstəqil jurnalistlərin qorunması məsələsi ilə məşğul olmağa davam etmək” qərarını ifadə edir. Bu petisiya həmin institusional qərarın məntiqinə uyğun olaraq AŞPA-nı və digər beynəlxalq aktorları məsələni aktiv gündəmdə saxlamağa, petisiya və toplanmış imzaları ictimai mövqenin və əlavə monitorinq materialının göstəricisi kimi nəzərə almağa, dinləmələr və hesabatlılıq mexanizmlərini gücləndirməyə çağırır [1].

Bu müraciət Azərbaycan xalqına, dövlət suverenliyinə və ya ölkənin qanuni iqtisadi maraqlarına qarşı yönəlməyib. Məqsəd ifadə azadlığının, insan ləyaqətinin, qanunun aliliyinin və Azərbaycanın üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəliklərin müdafiəsidir. Daxili hüquq müdafiə vasitələrinin bir sıra hallarda gecikməsi, qeyri-effektivliyi və ya müstəqillik barədə yaranan ciddi suallar təcili beynəlxalq müdaxiləni zəruri əlavə müdafiə mexanizminə çevirir.

SƏNƏDLƏŞDİRİLMİŞ TƏCİLİ NARAHATLIQLAR VƏ CİDDİ İDDİALAR

• Ələsgər Məmmədlinin işi üzrə: Səhhətində ciddi problemlər olduğu, qalxanabənzər vəzində şişkinlik və tənəffüs çətinliyi yaşadığı, həbsdə zəruri ixtisaslaşdırılmış tibbi yardıma çıxışının məhdud olduğu barədə etibarlı məlumatlar mövcuddur. Bu hallar AİHK-nin 3-cü maddəsi baxımından təxirəsalınmaz tibbi qiymətləndirmə və adekvat müalicə öhdəliyini gündəmə gətirir [18].

• Ülviyyə Əli, Əhməd Məmmədli və İmran Əliyevin işləri üzrə: Saxlanma və dindirmə zamanı fiziki zorakılıq və pis rəftar iddiaları barədə məlumatlar yayılıb. Bu iddialar effektiv, müstəqil və şəffaf araşdırma tələb edir; AİHK-nin 3-cü maddəsi üzrə dövlətin həm neqativ, həm də prosessual öhdəlikləri tətbiq oluna bilər [11][15][16][31].

• Fərid İsmayılovun işi üzrə: Ailəsinin təqdim etdiyi tibbi məlumatlara görə ona pnevmotoraks, ürək-ağciyər çatışmazlığı və ağır tənəffüs problemləri diaqnozu qoyulub, o, bir neçə cərrahi əməliyyat keçirib. Bu məlumatların müstəqil tibbi ekspertiza ilə təcili yoxlanılması, zəruri stasionar müalicənin təmin edilməsi və səhhətinin həbs şəraiti ilə uyğunluğunun qiymətləndirilməsi tələb olunur.

• Həbsdə olan qadın jurnalistlərlə rəftar üzrə: AŞPA-nın 2663 (2026) saylı Qətnaməsi həbsdə olan doqquz qadın jurnalistə qarşı cinsi zorakılıq, zorlanma hədələri və cinsi qısnama barədə son hesabatlardan sarsıldığını bildirib. Bu iddialar AİHK-nin 3-cü maddəsi və, ayrı-seçkilik elementi təsdiqlənərsə, 14-cü maddəsi baxımından təcili müstəqil araşdırma tələb edir [1].

• Prosessual və fərdi hüquqlar üzrə: Vəkillə məxfi ünsiyyət, ailə əlaqələri, yazışma, tibbi yardım və effektiv müdafiə imkanlarına qanunsuz və ya qeyri-mütənasib müdaxilə iddiaları AİHK-nin 6-cı və 8-ci maddələri, habelə Nelson Mandela Qaydaları baxımından ciddi hüquqi narahatlıq yaradır [5][8].

HƏBSDƏ OLAN 40 NƏFƏR JURNALİST, BLOQER VƏ MEDİA MƏNSUBUNUN HÜQUQİ STATUS REYESTRİ

Reyestr şəxslərin hazırkı prosessual vəziyyətinə görə iki kateqoriyada təqdim olunur. “Qanunsuz həbs tarixi” və “Əsas Konvensiya pozuntuları” sütunları petisiyanın hüquqi mövqeyini əks etdirir. Konkret AİHM qərarı ayrıca göstərilmədiyi hallarda həmin ifadələr yekun beynəlxalq məhkəmə qərarı deyil, iş üzrə qaldırılan hüquqi iddialar və Konvensiya məsələləridir.

KATEQORİYA A — Məhkum edilmiş və azadlıqdan məhrumetmə cəzası çəkən şəxslər

Adı və media / fəaliyyət statusuQanunsuz həbs tarixiCari / yekun hüquqi statusƏsas Konvensiya pozuntuları
1. Ülvi Həsənli
(Abzas Media)
20.11.20239 il həbs. Ali Məhkəmə 03.04.2026-da kassasiya şikayətini rədd edərək hökmü qüvvədə saxlayıb. [12]Maddə 5, 10 və 18
2. Sevinc Vaqifqızı
(Abzas Media)
21.11.20239 il həbs. Ali Məhkəmə 03.04.2026-da hökmü qüvvədə saxlayıb. [12]Maddə 5, 10 və 18
3. Məhəmməd Kekalov
(Abzas Media)
20.11.20237 il 6 ay həbs. Ali Məhkəmə 03.04.2026-da hökmü qüvvədə saxlayıb. [12]Maddə 5 və 10; konkret işin hallarından asılı olaraq Maddə 18
4. Nərgiz Absalamova
(Abzas Media)
30.11.20238 il həbs. Ali Məhkəmə 03.04.2026-da hökmü qüvvədə saxlayıb. [12]Maddə 5, 10 və 18; gender əsaslı rəftar iddiaları üzrə Maddə 14
5. Elnarə Qasımova
(Abzas Media)
13.01.20248 il həbs. Ali Məhkəmə 03.04.2026-da hökmü qüvvədə saxlayıb. [12]Maddə 5, 10 və 18; pis rəftar iddiaları üzrə Maddə 3
6. Hafiz Babalı
(Araşdırmaçı jurnalist / Turan)
13.12.20239 il həbs. Ali Məhkəmə 03.04.2026-da hökmü qüvvədə saxlayıb. [12]Maddə 5 və 10; konkret işin hallarından asılı olaraq Maddə 18
7. Fərid Mehralızadə
(RFE/RL / Azadlıq Radiosu)
30.05.20249 il həbs. Ali Məhkəmə 03.04.2026-da hökmü qüvvədə saxlayıb. [12]Maddə 5 və 10; konkret işin hallarından asılı olaraq Maddə 18
8. Əhməd Məmmədli
(Yoldaş Media / jurnalist)
06.05.202516.03.2026-da 6 il həbsə məhkum edilib; hökmə qarşı apellyasiya verilməsi planlaşdırılıb. [15]Maddə 3, 5, 6 və 10
9. Polad Aslanov
(Xeberman / Press-az)
12.06.201913 il həbs cəzası çəkir (ilkin 16 illik cəza apellyasiyada 13 ilə endirilib). [23]Maddə 5 və 10; ayrıca AİHM icraatlarında həbsin qanuniliyi ilə bağlı məsələlər
10. Osman Nərimanoğlu (Rzayev)
(Demokratik.az)
05.07.20226 il 6 ay həbs. Ali Məhkəmə 06.11.2024-də hökmü qüvvədə saxlayıb. [21]Maddə 5, 6 və 10
11. Rəşad Ramazanov
(Bloqer / onlayn şərhçi)
20.05.20225 il 4 ay həbs cəzası çəkir. [24]Maddə 3, 5 və 10
12. Teymur Kərimov
(Kanal 11)
11.12.2023İlkin 8 illik cəza 15.05.2025-də apellyasiyada 7 ilə endirilib; həbs cəzası çəkir. [25]Maddə 3, 5, 6 və 10
13. Cəmil Məmmədli
(Jurnalist və bloqer)
24.08.202317.04.2024-də 6 il 12 gün həbsə məhkum edilib; apellyasiya hökmü qüvvədə saxlayıb. [20][26]Maddə 5, 6 və 10
14. İbrahim Hümbətov (Gubadoğlu)
(Azerinfo.az)
11.12.202308.05.2025-də 6 il həbsə məhkum edilib; 2026-cı ildə kassasiya şikayəti verilib. [27]Maddə 5, 6 və 10
15. Ərşad İbrahimov
(Dunyaninsesi.az)
11.12.202324.01.2025-də 8 il həbsə məhkum edilib; ittihamları rədd edir. [22]Maddə 5, 6 və 10
16. Arzu Sayadoğlu
(Bloqer / keçmiş media əməkdaşı)
28.01.202403.03.2025-də 7 il həbsə məhkum edilib. [28]Maddə 5, 6 və 10
17. Bəxtiyar Hacıyev
(Bloqer / ictimai fəal)
09.12.202213.01.2025-də 10 il həbsə məhkum edilib; həbs cəzası çəkir. [11][20]Maddə 5, 6, 10 və konkret hallardan asılı olaraq Maddə 18

KATEQORİYA B — Həbs qətimkan tədbiri altında saxlanılan və ya məhkəmə prosesi davam edən şəxslər

Adı və media / fəaliyyət statusuQanunsuz həbs tarixiCari / yekun hüquqi statusƏsas Konvensiya pozuntuları
18. Ələsgər Məmmədli
(Toplum TV təsisçisi / media eksperti)
08.03.2024Toplum TV işi üzrə məhkəmə baxışı davam edir; həbsdə saxlanılır. Prokurorluq 2026-cı ilin iyununda ağır həbs cəzası tələb edib. [13][18]Maddə 3, 5, 6 və 10
19. Müşfiq Cabbar
(Toplum TV)
06.03.2024Toplum TV işi üzrə məhkəmə prosesi davam edir; həbsdə saxlanılır. [13][18]Maddə 5, 6 və 10
20. Ramil Babayev
(IDI)
06.03.2024Toplum TV/IDI işi üzrə məhkəmə prosesi davam edir; həbsdə saxlanılır. [13][18]Maddə 5, 6 və 10
21. İlkin Əmrahov
(IDI)
06.03.2024Toplum TV/IDI işi üzrə məhkəmə prosesi davam edir; həbsdə saxlanılır. [13][18]Maddə 5, 6 və 10
22. Əli Zeynal
(IDI)
08.03.2024Toplum TV/IDI işi üzrə məhkəmə prosesi davam edir; həbsdə saxlanılır. [13][18]Maddə 5, 6 və 10
23. Fərid İsmayılov
(Toplum TV)
17.01.2025
(ilkin saxlanma: 06.03.2024)
2024-cü ilin martında ilkin saxlanmadan sonra azadlıqda qalmış, 17.01.2025-də yenidən həbs edilib; Toplum TV işi üzrə məhkəmə prosesi davam edir. [13][20]Maddə 3, 5, 6 və 10
24. Aynur Elgünəş (Qənbərova)
(Meydan TV)
06.12.2024Meydan TV işi üzrə həbsdə saxlanılır və məhkəmə prosesi davam edir. [14][32]Maddə 5, 6 və 10
25. Aytac Əhmədova (Tapdıq)
(Meydan TV)
06.12.2024Meydan TV işi üzrə həbsdə saxlanılır və məhkəmə prosesi davam edir. [14][32]Maddə 5, 6 və 10
26. Xəyalə Ağayeva
(Meydan TV)
06.12.2024Meydan TV işi üzrə həbsdə saxlanılır və məhkəmə prosesi davam edir. [14][32]Maddə 5, 6 və 10; gender əsaslı rəftar iddiaları üzrə Maddə 14
27. Aysel Umudova
(Meydan TV)
06.12.2024Meydan TV işi üzrə həbsdə saxlanılır və məhkəmə prosesi davam edir. [14][32]Maddə 5, 6 və 10; gender əsaslı rəftar iddiaları üzrə Maddə 14
28. Natiq Cavadlı
(Meydan TV)
06.12.2024Meydan TV işi üzrə həbsdə saxlanılır və məhkəmə prosesi davam edir. [14][32]Maddə 5, 6 və 10
29. Ramin Deko (Cəbrayılzadə)
(Meydan TV)
06.12.2024Meydan TV işi üzrə həbsdə saxlanılır və məhkəmə prosesi davam edir. [14][32]Maddə 5, 6 və 10
30. Şəmşad Ağa (Ağayev)
(Arqument.az / Meydan TV ilə əməkdaşlıq)
05.02.2025Meydan TV işi üzrə həbsdə saxlanılır və məhkəmə prosesi davam edir. [14][32]Maddə 5, 6 və 10
31. Əhməd Muxtar
(Fotoreportyor)
27.08.2025Meydan TV işi üzrə həbsdə saxlanılır və məhkəmə prosesi davam edir. [14]Maddə 5, 6 və 10
32. Fatimə Mövlamlı
(Frilans jurnalist)
28.02.2025Meydan TV işi ilə əlaqədar həbsdə saxlanılır və məhkəmə prosesi davam edir. [14][32]Maddə 5, 6 və 10; gender əsaslı rəftar iddiaları üzrə Maddə 14
33. Nurlan Qəhrəmanlı (Libre)
(Müstəqil jurnalist / media layihəsi)
20.02.2025Meydan TV işi ilə əlaqədar həbsdə saxlanılır və məhkəmə prosesi davam edir. [14][32]Maddə 5, 6 və 10
34. Ülviyyə Əli (Quliyeva)
(Müstəqil jurnalist)
07.05.2025Meydan TV işi ilə əlaqədar həbsdə saxlanılır; ittihamları rədd edir və Meydan TV ilə iş əlaqəsinin olmadığını bildirib. [16][32]Maddə 3, 5, 6 və 10
35. İmran Əliyev
(Məclis.info)
18.04.2024Həbsdə saxlanılır; pis rəftar iddiaları beynəlxalq təşkilatlar tərəfindən sənədləşdirilib. [11][17][31]Maddə 3, 5, 6 və 10
36. Vüqar Məmmədov
(Hürriyyət Media)
29.10.2025Həbs qətimkan tədbiri altında saxlanılır; 2026-cı ilin mayında iş üzrə məhkəmə baxışı başlayıb. [29]Maddə 5, 6 və 10
37. Ülvi Tahirov
(Bakı Jurnalistika Məktəbinin direktor müavini)
06.12.2024Meydan TV işi ilə əlaqələndirilərək həbsdə saxlanılır və məhkəmə prosesi davam edir; Meydan TV onun redaksiya ilə əlaqəsinin olmadığını bildirib. [14][20][32]Maddə 5, 6 və 10
38. Anar Abdulla (Abdullayev)
(Jurnalist / ictimai fəal)
04.08.2025Anar Məmmədli işi ilə əlaqədar həbs qətimkan tədbiri altında saxlanılır; daha əvvəl polis nəzarəti tədbiri tətbiq edilmişdi. [18][20]Maddə 5, 6 və 10
39. İlhami Nəsibov
(Kanal21.az)
17.08.2025Həbs qətimkan tədbiri altında saxlanılır; hədə-qorxu ilə tələb etmə ittihamı irəli sürülüb, özü və tərəfdarları işi jurnalist/bloqer fəaliyyəti ilə əlaqələndirirlər. [20]Maddə 5, 6 və 10
40. Əfqan Sadıqov
(Azel.TV təsisçisi)
08.06.2026
(Azərbaycanda yenidən həbs)
Gürcüstandan məcburi qaytarıldıqdan sonra 08.06.2026-da Bakıda yenidən saxlanılıb və məhkəmə barəsində həbs qətimkan tədbiri seçib; işi transmilli repressiya narahatlığı doğurur. [19]Maddə 5, 6 və 10; transmilli repressiya və geri qaytarılma ilə bağlı əlavə hüquqi məsələlər

BEYNƏLXALQ QURUMLARA ÜNVANLANMIŞ SƏKKİZ KONKRET TƏLƏB

Biz beynəlxalq təşkilatları, insan hüquqları mexanizmlərini və demokratik dövlətləri öz mandatları çərçivəsində aşağıdakı koordinasiyalı hüquqi və diplomatik addımları atmağa çağırırıq:

1. Dərhal və qeyd-şərtsiz azadlıq, siyasi motivli hesab edilən cinayət təqiblərinə xitam və hüquqların bərpası

• Məhkum edilmiş şəxslər üzrə: onların dərhal azad edilməsini, siyasi motivli və ya ifadə/media fəaliyyəti ilə əlaqəli hesab edilən hökmlərin qanuni prosedurlar çərçivəsində ləğvini, məhkumluğun hüquqi nəticələrinin aradan qaldırılmasını və effektiv hüquqi bərpa vasitələrinin təmin edilməsini tələb edin [1][2].

• İstintaq və ya məhkəmə icraatı davam edən şəxslər üzrə: həbs qətimkan tədbirlərinin dərhal ləğvini, onların azad edilməsini və ifadə/media fəaliyyəti ilə əlaqəli siyasi motivli hesab edilən cinayət təqiblərinə xitam verilməsini tələb edin [5][8].

2. Təxirəsalınmaz mühafizə, tibbi yardım və pis rəftarın qarşısının alınması

• Azadlığa buraxılana qədər müstəqil tibbi müayinə, zəruri ixtisaslaşdırılmış müalicə, vəkillə məxfi ünsiyyət, ailə əlaqələri, yazışma və təhlükəsizlik hüquqlarını təmin etmək üçün təcili tədbirlər tələb edin [5][8].

• Həyat və sağlamlıq üçün real və yaxın zamanda baş verə biləcək bərpaolunmaz zərər riski olan konkret işlərdə şəxslərin vəkilləri və ya nümayəndələri tərəfindən AİHM Reqlamentinin 39-cu Qaydası üzrə müvəqqəti tədbir müraciətlərinin verilməsini hüquqi və texniki baxımdan dəstəkləyin. Rule 39 ümumi azadetmə mexanizmi deyil və yalnız AİHM tərəfindən konkret hallarda tətbiq olunur.

• CPT-dən təqdim olunan məlumatları nəzərə almağı, zərurət olduqda Azərbaycana ad hoc səfər imkanlarını qiymətləndirməyi, saxlanma şəraiti, tibbi yardım, təcrid və işgəncə iddiaları Azərbaycan hakimiyyəti qarşısında qaldırmanızı xahiş edirik.

3. Diplomatik demarşlar və prosessual monitorinq

• Azərbaycan hökumətinə koordinasiyalı birgə diplomatik demarşlar təqdim edin; adı çəkilən şəxslər üzrə yazılı izahat tələb edin; məhkəmə iclaslarına beynəlxalq müşahidəçilərin və diplomatik nümayəndələrin çıxışını təmin edin; hüquq müdafiəçiləri, vəkillər və ailələrlə müntəzəm görüşlər keçirin [1][3].

4. BMT mexanizmlərinin işə salınması

• BMT-nin Qanunsuz Həbslər üzrə İşçi Qrupundan (WGAD) uyğun fərdi müraciətlərə prioritet qaydada baxmağı, Azərbaycan hökumətinə kommunikasiya göndərməyi və işlər üzrə beynəlxalq hüquqa uyğunluğa dair rəylər qəbul etməyi xahiş edin [7].

• Fikir və ifadə azadlığı, insan hüquqları müdafiəçiləri, işgəncə, sağlamlıq hüququ və məhkəmə-hüquq sisteminin müstəqilliyi üzrə xüsusi prosedurları uyğun hallarda birgə kommunikasiya və təcili müraciətlərə çağırın [9].

5. Avropa Şurası daxilində müqavilə və nəzarət mexanizmlərinin gücləndirilməsi

• AİHK-nin 52-ci maddəsi üzrə Baş katibin Azərbaycan hakimiyyətindən Konvensiyanın daxili hüquqda effektiv həyata keçirilməsinə dair rəsmi izahat tələb etmək səlahiyyətindən istifadə etməsini dəstəkləyin [5].

• Nazirlər Komitəsindən Azərbaycanla bağlı aidiyyəti AİHM qərarlarının icrasını gücləndirilmiş nəzarət (enhanced supervision) altında saxlamağı, fərdi və ümumi tədbirlərin icrasını tələb etməyi və zərurət olduqda aralıq qətnamələr qəbul etməyi xahiş edin [4].

• AİHK-nin 46 § 4-cü maddəsi üzrə pozuntu prosedurunun (infringement proceedings) yalnız konkret yekun AİHM qərarının icrasından imtina üçün hüquqi şərtlər yarandıqda və Nazirlər Komitəsində tələb olunan üçdə iki səs çoxluğu ilə ayrıca nəzərdən keçirilə biləcəyini qeyd edin [4][5].

• Sistemli və ciddi pozuntular aradan qaldırılmadıqda, Avropa Şurası Nizamnaməsinin 8-ci maddəsi üzrə ayrıca institusional qiymətləndirmənin mümkünlüyünü nəzərdən keçirin [6].

6. Fərdi və hədəfli sanksiya mexanizmləri

• Qanunsuz həbs, işgəncə, qeyri-insani rəftar və ifadə azadlığının sistemli pozulmasında birbaşa məsuliyyətə dair kifayət qədər hüquqi və faktoloji əsas mövcud olduqda, məsul şəxslərə qarşı viza məhdudiyyətləri və aktivlərin dondurulması kimi sübuta əsaslanan hədəfli tədbirləri nəzərdən keçirin [10].

• Kollektiv cəzalandırmanı rədd edin; ailə üzvləri və əlaqəli şəxslər yalnız aktivlərin gizlədilməsi, idarə olunması və ya pozuntulardan faydalanma ilə bağlı fərdi hüquqi əsas olduqda tədbirlərin predmetinə çevrilməlidir.

7. Hüquqi şərtlilik (conditionality) və ikitərəfli münasibətlər

• Azərbaycanla siyasi, enerji, təhlükəsizlik və institusional əməkdaşlığın müəyyən imtiyazlarını jurnalistlərin azad edilməsi və ölçülə bilən insan hüquqları göstəriciləri ilə əlaqələndirin. 2026-cı ildə yenidən aktivləşdirilmiş Aİ–Azərbaycan yeni ikitərəfli sazişi və Tərəfdaşlıq Prioritetləri üzrə danışıqlarda insan hüquqları şərtliliyini konkret və ölçülə bilən element kimi daxil edin [30].

• Humanitar, sosial, təhsil və müstəqil vətəndaş cəmiyyətinə birbaşa dəstək proqramlarını bu şərtlilikdən zərər görməyəcək şəkildə qoruyun.

8. Daimi institusional nəzarət və AŞPA-nın 2663 (2026) saylı Qətnaməsinin davamı

• Qətnamənin 20-ci bəndinə uyğun olaraq Azərbaycanda insan hüquqları müdafiəçilərinin və müstəqil jurnalistlərin qorunması məsələsini Assambleyanın aktiv gündəliyində saxlayın [1].

• Bu petisiyanı və toplanmış imzaları ictimai mövqenin və əlavə monitorinq materialının göstəricisi kimi nəzərə alın; mütəmadi yenilənən adbaad monitorinq reyestrini, məhkəmə müşahidəsini, saxlanma şəraitinin monitorinqini və dövri açıq hesabatlılığı təşviq edin [1][2][3].

“52 → 46 → 8” — AVROPA ŞURASI ÇƏRÇİVƏSİNDƏ ESKALASİYA EDƏ BİLƏN İNSTİTUSİONAL CAVAB ALƏTLƏRİ

Hüquqi dəqiqlik: AİHK-nin 52-ci və 46-cı maddələri ilə Avropa Şurası Nizamnaməsinin 8-ci maddəsi bir-birini avtomatik izləyən vahid hüquqi prosedur deyil. Bunlar ayrı hüquqi əsaslara, səlahiyyətli orqanlara və prosessual şərtlərə malik müstəqil mexanizmlərdir. “52 → 46 → 8” ifadəsi burada yalnız siyasi-hüquqi eskalasiya imkanlarını izah edən analitik çərçivə kimi istifadə olunur.

• AİHK-nin 52-ci maddəsi — Baş katibin izahat sorğusu: Baş katib iştirakçı dövlətdən daxili hüququn Konvensiyanın effektiv həyata keçirilməsini necə təmin etdiyinə dair izahat tələb edə bilər; iştirakçı dövlət həmin izahatı təqdim etməlidir. Bu mexanizm özlüyündə sanksiya və ya məhkəmə qərarı deyil [5].

• AİHK-nin 46-cı maddəsi — qərarların icrası: Nazirlər Komitəsi AİHM-in yekun qərarlarının icrasına nəzarət edir. Gücləndirilmiş nəzarət, aralıq qətnamələr və 46 § 4 üzrə pozuntu proseduru fərqli alətlərdir. Pozuntu proseduru dövlətin konkret yekun qərarı icra etmək öhdəliyinə əməl etməməsi ilə bağlı xüsusi hallarda və üçdə iki səs çoxluğu ilə başlana bilər [4][5].

• Avropa Şurası Nizamnaməsinin 8-ci maddəsi — üzvlük və təmsilçiliklə bağlı tədbirlər: Nizamnamənin 3-cü maddəsini ciddi şəkildə pozan üzv dövlətin təmsilçilik hüquqları dayandırıla və ondan təşkilatdan çıxması tələb oluna bilər; tələb yerinə yetirilmədikdə Nazirlər Komitəsi üzvlüyün sona çatdığı barədə qərar verə bilər. Bu tədbirlər avtomatik deyil və ayrıca siyasi-hüquqi qərar tələb edir [6].

YEKUN ÇAĞIRIŞ

Qanuni jurnalist və media fəaliyyətinin kriminallaşdırılması demokratik cəmiyyətin əsaslarına və beynəlxalq insan hüquqları standartlarına ziddir. İctimai maraq doğuran həqiqətləri araşdırmaq, korrupsiya və sui-istifadə iddialarını işıqlandırmaq, dövlət təsisatlarından hesabatlılıq tələb etmək və ictimaiyyəti məlumatlandırmaq medianın “ictimai nəzarətçi” (public watchdog) funksiyasının əsasını təşkil edir və AİHK-nin 10-cu maddəsinin müdafiə etdiyi ifadə azadlığının ayrılmaz hissəsidir [5].

Mövcud vəziyyətdə yalnız ümumi “narahatlıq” bəyanatları kifayət deyil. Biz hüquqi mandatların, diplomatik təsir imkanlarının və monitorinq mexanizmlərinin koordinasiyalı şəkildə istifadəsini, ölçülə bilən nəticələri və bu petisiyanın əhatə etdiyi 40 şəxsin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik [1][2][11].

Biz, bu müraciəti imzalayan tərəflər, beynəlxalq təşkilatları, demokratik dövlətləri, parlamentariləri və diplomatik nümayəndəlikləri öz müqavilə, nizamnamə və siyasi öhdəliklərinə uyğun olaraq aşağıdakı addımları atmağa çağırırıq:

• Bu petisiyanı rəsmi gündəliklərinə və Azərbaycanla insan hüquqları dialoqlarına daxil etməyə;

• Azərbaycan Respublikasının səlahiyyətli orqanlarından adı çəkilən şəxslərin həbsi, saxlanma şəraiti və beynəlxalq hüquqi öhdəliklərə əməl olunması barədə yazılı izahat tələb etməyə;

• Atılan hüquqi, diplomatik və preventiv addımlar barədə müntəzəm ictimai hesabatlılıq və şəffaflıq təmin etməyə;

• Petisiyanı imzalamağa, paylaşmağa və öz ölkələrinin hökumət, parlament və beynəlxalq nümayəndələrindən konkret tədbirlər tələb etməyə.

SEÇİLMİŞ MƏNBƏLƏR VƏ FAKT-YOXLAMA BAZASI

Mənbələr bu nəşr üçün hüquqi, institusional və faktoloji funksiyasına görə qruplaşdırılıb. Aşağıdakı keçidlər aktivdir.

[1] PACE Resolution 2663 (2026) — “Silencing critical voices in Azerbaijan”, 24 iyun 2026. [Mənbə]

[2] PACE Report Doc. 16414 (2026) — Committee on Legal Affairs and Human Rights, rapporteur Christophe Lacroix. [Mənbə]

[3] Council of Europe Platform for the Safety of Journalists. [Mənbə]

[4] Council of Europe — Supervision of the execution of judgments of the European Court of Human Rights. [Mənbə]

[5] European Convention on Human Rights (ECHR) — official text. [Mənbə]

[6] Statute of the Council of Europe — Articles 3 and 8. [Mənbə]

[7] UN Working Group on Arbitrary Detention (WGAD). [Mənbə]

[8] International Covenant on Civil and Political Rights (ICCPR) and UN Nelson Mandela Rules. [Mənbə]

[9] UN Special Procedures — submission portal. [Mənbə]

[10] EU Global Human Rights Sanctions Regime. [Mənbə]

[11] Human Rights Watch — World Report 2026: Azerbaijan. [Mənbə]

[12] Committee to Protect Journalists — Azerbaijan Supreme Court rejects appeal of 7 Abzas Media / RFE-RL imprisoned journalists, 8 aprel 2026. [Mənbə]

[13] Committee to Protect Journalists — Prosecutors seek up to 16 years in Toplum TV case, 10 iyun 2026. [Mənbə]

[14] Amnesty International — Urgent Action on 12 detained Meydan TV journalists and associated media workers, yanvar 2026. [Mənbə]

[15] Committee to Protect Journalists — Ahmad Mammadli sentenced to 6 years in prison, 19 mart 2026. [Mənbə]

[16] Committee to Protect Journalists — Azerbaijan arrests Ulviyya Ali and Ahmad Mammadli, 9 may 2025. [Mənbə]

[17] Justice for Journalists Foundation — Media workers behind bars, report published 9 mart 2026. [Mənbə]

[18] Amnesty International — Azerbaijan country report (current report page). [Mənbə]

[19] Human Rights Watch — Azerbaijan rearrests journalist Afgan Sadigov, 12 iyun 2026. [Mənbə]

[20] Institute for Peace and Democracy — List of Political Prisoners, 15 yanvar 2026 (detailed status registry). [Mənbə]

[21] IRFS — Supreme Court upholds sentence of Osman Narimanoglu (Rzayev), 6 noyabr 2024. [Mənbə]

[22] Freedom House — Freedom on the Net 2025: Azerbaijan. [Mənbə]

[23] Committee to Protect Journalists — Polad Aslanov profile. [Mənbə]

[24] PEN America — Rashad Ramazanov, Writer at Risk profile. [Mənbə]

[25] Institute for Human Rights — Teymur Karimov’s prison sentence reduced to 7 years, 15 may 2025. [Mənbə]

[26] Voice of America Azerbaijani — Appeal court upholds Jamil Mammadli sentence, 24 iyun 2024. [Mənbə]

[27] APA — Ibrahim Humbatov sentenced to 6 years, 8 may 2025. [Mənbə]

[28] RFE/RL Azerbaijani — Blogger Arzu Sayadoglu sentenced to 7 years, 3 mart 2025. [Mənbə]

[29] Modern.az — Trial of Hurriyyet editor-in-chief Vugar Mammadov begins, 4 may 2026. [Mənbə]

[30] EEAS — EU-Azerbaijan 7th Security Dialogue: renewed Partnership Priorities and new bilateral agreement, 22 may 2026. [Mənbə]

[31] Amnesty International — Urgent Action: release arrested journalists, including Imran Aliyev. [Mənbə]

[32] Meydan TV — ongoing Meydan TV case and detained defendants (court reporting, 2026). [Mənbə]

FAKT-YOXLAMA QEYDİ — Bu sənəddə əks olunan məlumatlar 19 iyul 2026-cı il tarixinədək açıq, mötəbər və mümkün olduqda rəsmi və ya beynəlxalq nüfuzlu mənbələr əsasında yenidən yoxlanılmışdır. Həbs və prosessual statuslar sürətlə dəyişə bildiyinə görə sənədin gələcək versiyalarında yenilənmə aparılmalıdır. İşgəncə, fiziki təzyiq, cinsi zorakılıq, pis rəftar və adekvat tibbi yardımdan məhrumetmə barədə məlumatlar, müstəqil məhkəmə və ya istintaq nəticəsi ilə təsdiqlənmədiyi hallarda, iddia və hesabat kimi təqdim olunur və təxirəsalınmaz müstəqil araşdırma tələb edir.
Paylaş:

Əlaqəli Məqalələr