Həbsdə olan jurnalist Ramin Deko: “Biz dörd nəfər idik, indi birimiz həbsdə, birimiz qəbirdə, birimiz sürgündədir”
Meydan TV-nin həbsdə olan jurnalisti Ramin Deko (Cəbrayılzadə) 1 saylı Bakı İstintaq Təcridxanasından yazdığı növbəti məqalədə dörd dostunun həyat hekayəsi üzərindən Azərbaycanda gənclərin arzuları, sosial reallıq və siyasi mühiti təsvir edib.
“Biz dörd kişiydik. M., S., B., D. İndi pərən-pərən düşmüşük. Birimiz həbsdə, birimiz qəbirdə, birimiz sürgündə, biri də sürücülük edir”, – deyə müəllif yazısına başlayır.
Məqalədə M. kimi təqdim olunan dostunun müəllim olmaq arzusu ilə yaşadığı, ölkəni tərk etmək imkanlarını qəbul etmədiyi, lakin anasını itirdikdən qısa müddət sonra 35 yaşında ürəktutmasından vəfat etdiyi qeyd olunur.
S. isə ölkədə gələcəyinin olmadığını düşünən, uzun müddət xaricə getmək istədiyini deyən şəxs kimi təsvir edilir. Müəllif onun sonradan Belçikaya köçdüyünü, ölkədən getdikdən sonra isə dostları ilə əlaqələrini kəsdiyini yazır.
B. obrazı vasitəsilə isə müəllif böyük arzularla yaşayan, lakin iqtisadi çətinliklər səbəbindən xəyallarını gerçəkləşdirə bilməyən bir gəncin taleyini təsvir edir. Universiteti fərqlənmə ilə bitirməsinə baxmayaraq, hazırda ailəsini dolandırmaq üçün sürücülük etdiyi bildirilir.
Yazıda D. kimi təqdim olunan obraz isə müəllifin özüdür. Ramin Deko qeyd edir ki, onun üçün ən böyük arzulardan biri artıq həbsxana divarlarından kənara çıxmaqdır.
Məqalənin sonunda jurnalist dostlarının müxtəlif talelərlə üzləşdiyini vurğulayaraq belə yazır:
“Birimiz həbsdə, birimiz qəbirdə, birimiz sürgündə, biri də sürücülük edir. Biz ‘gözəl günlər görəcəyik’ mahnısını zümzümə edirdik. Hələ də bir gün o sözlərin gerçək olacağına inanırıq.”


