Məhkəmə Fazil Qasımovun şikayətini təmin etdi: Baş Prokurorluğun hərəkətsizliyi qanunsuz sayıldı
Səbail Rayon Məhkəməsi həbsdə olan iqtisadçı Fazil Qasımovun Baş Prokurorluğun hərəkətsizliyindən verdiyi şikayəti təmin edib.
İyulun 30-da hakim Pərviz Muradovun sədrliyi ilə keçirilən prosesin yekununda Baş Prokurorluğun hərəkətsizliyi qanunsuz hesab olunub.
Məhkəmənin qərarına əsasən, Baş Prokurorluq Fazil Qasımovun müraciətində göstərdiyi sənəd saxtalaşdırılması və müdafiə hüququnun pozulması iddiaları üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmasını təmin etməlidir.
Fazil Qasımov 16 mart 2026-cı ildə Baş Prokurorluğa müraciət edərək 11 sentyabr 2023-cü ildə onun iki vəkildən imtina etməsi barədə rəsmiləşdirilən ərizənin saxta olduğunu bildirib.
Məsələ Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Yusif Yusifovun Qasımovun müdafiəçiləri Eldar Qədimi və Araz Allahverdiyevin cinayət prosesində iştirakına xitam verilməsi barədə qərarı ilə bağlıdır.
Həmin qərarda Fazil Qasımovun öz ərizəsi əsasında vəkillərindən imtina etdiyi göstərilib. İqtisadçı isə belə bir ərizə yazmadığını və sənəddəki imzanın ona məxsus olmadığını bildirir.
Məhkəmənin son qərarından sonra bu iddiaların Baş Prokurorluq tərəfindən araşdırılması tələb olunur.


