Xəbərlər

Belarusda 25 siyasi məhbus azad edildi: Lukaşenko məhbusları Qərblə bazarlıq predmetinə çevirir

Hörümcək 16.09.2026 🕒 3 dəq oxuma

Belarusda ABŞ-la aparılan danışıqlardan sonra hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı 25 nəfər azadlığa buraxılıb. Azad edilənlərin hamısı Belarusdan Litvaya aparılıb.

Azadetmə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul arasında Minskdə keçirilən danışıqlardan sonra baş tutub. Koul sentyabrın 15-də Minskdə Lukaşenko ilə təxminən üç saat davam edən görüş keçirib. Görüşdən bir gün əvvəl isə o, Vilnüsdə Litvanın xarici işlər naziri Kestutis Budrislə Belarusdakı siyasi məhbuslar və regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Azad edilənlər arasında Belarusun vaxtilə ən böyük müstəqil xəbər portallarından biri olan TUT.BY-ın baş direktoru Lyudmila Çekina da var. Belarus hakimiyyəti 2021-ci ildə TUT.BY-a qarşı cinayət işi açmış, portalın fəaliyyəti faktiki olaraq dayandırılmışdı.

Siyahıda “Art Syadziba” ictimai-mədəni platformasının və “Symbal.by” layihəsinin təsisçisi Pavel Belous, jurnalist və media meneceri Andrey Aleksandrov, politoloq Tatyana Kuzina, “BelaPAN” informasiya agentliyinin direktoru Dmitri Novojilov, həmçinin “Tor Band” musiqi qrupunun üzvləri də yer alır.

Danışıqlardan sonra Con Koul bildirib ki, ABŞ Belarusun iki müəssisəsinə — “Lakokraska” ASC-yə və “Bellesbumprom” konserninə qarşı sanksiyaları aradan qaldıracaq. Belarus tərəfi isə bunun müqabilində 25 nəfərin azad edilməsinə razılaşıb.

Bu fakt bir daha göstərir ki, avtoritar rejimlər siyasi məhbusları yalnız daxili repressiya aləti kimi deyil, həm də beynəlxalq danışıqlarda bazarlıq predmeti kimi istifadə edirlər. Əvvəl insanları siyasi motivlərlə həbs edirlər, sonra onların azadlığını sanksiyaların yumşaldılması və diplomatik güzəştlər üçün masaya qoyurlar.

Koul əldə olunan razılaşmanı “aralıq razılaşma” adlandırıb və Minsk ilə Vaşinqton arasında danışıqların davam edəcəyini bildirib. Yeni razılaşmalar olarsa, daha çox məhbusun azad edilməsi və Belarus şirkətlərinə qarşı bəzi sanksiyaların götürülməsi gündəmə gələ bilər.

Bu, son dövrdə ABŞ-Belarus danışıqlarından sonra baş tutan ilk kütləvi azadetmə deyil. Koulun 2026-cı il martın 19-da Minskə səfərindən sonra 250 siyasi məhbus azad edilmişdi.

Amma bu azadetmələr Belarusda repressiyaların dayandığı anlamına gəlmir. “Viasna” İnsan Hüquqları Mərkəzinin məlumatına görə, martda 250 nəfərin azad edilməsindən sonra daha 224 həbsdə olan şəxs siyasi məhbus kimi tanınıb. Sentyabrın 15-nə olan məlumata görə, “Viasna” Belarusda 912 nəfəri siyasi məhbus hesab edir.

Lukaşenko isə Belarusda siyasi məhbusların olduğunu inkar edir. O, Koul ilə görüşündə də ölkə qanunvericiliyində “siyasi məhbus” anlayışının olmadığını bildirib.

Belarus nümunəsi göstərir ki, avtoritar rejimlər üçün problem siyasi məhbusların mövcudluğu deyil, onların beynəlxalq təzyiqə çevrilməsidir. İnsan azadlığı isə bu rejimlərin əlində hüquq deyil, siyasi alver predmetinə çevrilir.

Paylaş:

Əlaqəli Məqalələr