Xəbərlər

Umbakı həbsxanasında iki məhbusun döyüldüyü iddia olunur

Hörümcək 21.09.2026 🕒 3 dəq oxuma

Umbakı Qapalı Həbsxanasında saxlanılan Vüqar Eldarov və Müsəlman Birliyi Hərəkatının üzvü Vəli Allahverdiyevin müəssisə rəhbərliyi tərəfindən zorakılığa məruz qaldığı bildirilir.

Bu barədə məhbusların yaxınları məlumat veriblər.

Vəli Allahverdiyevin ailəsinin sözlərinə görə, o, 9 qadın jurnalist və 6 inanclı qadının azadlığa buraxılması tələbi ilə aclıq aksiyası keçirdiyi dövrdə cərimə kamerasına salınıb.

Ailə iddia edir ki, Allahverdiyev cərimə kamerasında olarkən digər kamera ilə danışdığına görə əvvəlcə rejim inspektorunun rəisi Pərviz Gərəyzadə tərəfindən xəbərdar edilib, daha sonra isə müəssisə rəisi Rəşad Yusifovun yanına aparılıb.

Allahverdiyevin ailəsinə danışdığına görə, burada onun qollarından tutulub və müəssisə rəisi tərəfindən yumruq və təpiklə vurulub.

Ailə bildirir ki, Rəşad Yusifov Allahverdiyevi baş verənlər barədə danışmaması üçün təhdid edib. Onların sözlərinə görə, məhbusun azadlığa çıxmasına təxminən bir ay qalıb və ona həbsdən çıxdıqdan sonra yenidən problemlə üzləşə biləcəyi deyilib.

Vüqar Eldarovun ailəsi də onun müəssisədə dəfələrlə zorakılığa məruz qaldığını iddia edir. Yaxınlarının sözlərinə görə, Eldarovun görmə qabiliyyətində problemlər yaranıb və ailə ona bir neçə dəfə yeni eynək almağa məcbur olub.

Ailə bildirir ki, Vüqar Eldarov hazırda aclıq aksiyası keçirir, lakin buna baxmayaraq ona qarşı zorakılığın davam etdiyi iddia olunur.

Yaxınlarının sözlərinə görə, onlar dəfələrlə Umbakı Qapalı Həbsxanasına getsələr də, Eldarovla görüşə bilməyiblər. Ailə onun psixoloji vəziyyətindən ciddi narahat olduğunu da bildirir.

Vəli Allahverdiyev 2014-cü ildə 12 il müddətinə azadlıqdan məhrum edilib. O, quldurluqla bağlı maddələrlə ittiham olunub və həbsdə olduğu müddətdə Müsəlman Birliyi Hərəkatına üzv olub.

Vüqar Eldarov isə 2015-ci ildə həbs olunub və 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhbusların yaxınlarının zorakılıqla bağlı səsləndirdiyi iddialara Penitensiar Xidmətin və Umbakı Qapalı Həbsxanasının rəhbərliyinin mövqeyi açıqlanmayıb.

Paylaş:

Əlaqəli Məqalələr