İnsan Hüquqları

Christophe Lacroix Caspian Watch-a danışdı: “Azərbaycanda artıq totalitar dövlət modelindən söhbət gedir”

Hörümcək 23.06.2026 🕒 30 dəq oxuma

Strasburq, 23 iyun 2026 – Avropa Şurası Parlament Assambleyasının iyun sessiyası çərçivəsində Belçikadan olan deputat, AŞPA-nın “Azərbaycanda tənqidi səslərin susdurulması” adlı hesabatının məruzəçisi Christophe Lacroix Caspian Watch YouTube kanalına müsahibə verib.

Müsahibəni Caspian Watch-dan jurnalist Abid Qafarov aparıb. Söhbət zamanı Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin, siyasi fəalların, müstəqil media qurumlarının və vətəndaş cəmiyyətinin üzləşdiyi təzyiqlər, siyasi məhbus problemi, məhkəmə sisteminin müstəqilliyi, transmilli repressiyalar və Azərbaycanın Avropa Şurasındakı gələcəyi müzakirə olunub.

Christophe Lacroix müsahibədə bildirib ki, Azərbaycanda repressiyalar təkcə ayrı-ayrı şəxslərə qarşı deyil, tənqidi səslərin susdurulmasına yönəlmiş sistemli siyasət kimi həyata keçirilir. Onun sözlərinə görə, prezident İlham Əliyevin hakimiyyəti dövründə hökumət, parlament və məhkəmə sistemi fərqli fikrin ifadəsini məhdudlaşdıran vahid nəzarət mexanizminə çevrilib.

“Bu, yalnız avtoritar dövlət anlayışı deyil; burada artıq totalitar dövlət modelindən söhbət gedir”, – deyə Lacroix bildirib.

Məruzəçi Azərbaycanda müstəqil medianın demək olar ki, sıradan çıxarıldığını, jurnalistlərin saxta ittihamlarla həbs edildiyini, hüquq müdafiəçiləri və akademiklərin də eyni repressiv mexanizmlərlə hədəfə alındığını vurğulayıb. O, hazırda Azərbaycanda 36 jurnalistin həbsdə olduğunu qeyd edib və ölkəni jurnalistlərin həbsi baxımından ən repressiv ölkələrdən biri adlandırıb.

Lacroix müsahibədə AŞPA-nın “Silencing critical voices in Azerbaijan” adlı hesabatına da toxunub. Hesabatda Azərbaycanda media azadlığının, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin ciddi təzyiq altında olduğu bildirilir. Sənəddə Abzas Media, Toplum TV, Meydan TV, Kanal 11, Kanal 13 və digər müstəqil media qurumlarına qarşı cinayət təqibləri, habelə hüquq müdafiəçiləri, siyasi fəallar və alimlərə qarşı təzyiqlər xüsusi qeyd olunur.

Müsahibədə transmilli repressiyalar məsələsi də müzakirə olunub. Christophe Lacroix Fransada hücuma məruz qalmış azərbaycanlı blogger Məhəmməd Mirzəli və öldürülmüş hüquq müdafiəçisi Vidadi İsgəndərli ilə bağlı hadisələri xatırladaraq Avropa Şurasına üzv dövlətləri Azərbaycandan olan siyasi qaçqınları və tənqidçi səsləri qorumağa çağırıb.

“Blood price — qanın qiyməti — neftin və qazın qiymətindən daha vacibdir”, – deyən Lacroix Avropa ölkələrini Azərbaycanla münasibətdə “riyakar siyasətə” son qoymağa çağırıb.

O, həmçinin hesab edir ki, Avropa dövlətləri Azərbaycanda insan hüquqları pozuntularına görə məsul olan hakimlərə, prokurorlara, penitensiar sistem və təhlükəsizlik orqanlarının rəsmilərinə qarşı hədəfli sanksiyaları nəzərdən keçirməlidir.

Məruzəçi Avropa Şurasının baş katibi Alain Bersetdən Avropa İnsan Hüquqları Konvensiyasının 52-ci maddəsini işə salmağı xahiş etdiyini də bildirib. Onun sözlərinə görə, bu mexanizm Azərbaycan hökumətindən Konvensiyaya necə əməl etdiyinə dair izahat tələb etməyə imkan verir.

Qeyd edək ki, 24 iyun tarixində AŞPA-da Azərbaycanla bağlı müzakirənin keçirilməsi nəzərdə tutulur. AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda tənqidi səslərin susdurulması” adlı hesabatda Azərbaycan hakimiyyəti jurnalistlərə, hüquq müdafiəçilərinə və vətəndaş cəmiyyəti fəallarına qarşı məhdudlaşdırıcı qanunlar, cinayət təqibləri və təzyiq vasitələrindən istifadə etməklə tənqidi səsləri sistemli şəkildə susdurmaqda ittiham olunur.

Hesabatda Azərbaycanda 328 siyasi məhbusun olduğu, ölkənin 2026-cı il Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 171-ci yerdə qərarlaşdığı, habelə ölkə daxilində müstəqil medianın fəaliyyət imkanlarının demək olar ki, tamamilə məhdudlaşdırıldığı bildirilir.

AŞPA Azərbaycan hakimiyyətini siyasi motivli ittihamlarla həbs olunan şəxsləri azad etməyə, jurnalistlərə və fəallara qarşı hücumları araşdırmağa, media və QHT qanunvericiliyini yeniləməyə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməyə və həbsxanalarda pis rəftarın qarşısını almağa çağırır.

Müsahibənin tam mətni

Abid Qafarov:
Salam, hər kəsə. Mən Caspian Watch-dan Abid Qafarovam. Hazırda Avropa Şurası Parlament Assambleyasının iyun sessiyasındayıq və Azərbaycanda tənqidi səslərin susdurulması mövzusunda baş məruzəçi olan cənab Christophe Lacroix ilə müsahibə etmək bizim üçün şərəfdir. Bildiyiniz kimi, iyunun 25-də bu mövzu ilə bağlı ətraflı dinləmə və müzakirə keçiriləcək; ümid edirik ki, yeni qətnamə də qəbul olunacaq.

Cənab Lacroix, bu müsahibə üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Azərbaycanda insan hüquqları müdafiəçilərinin, jurnalistlərin və media azadlığının müdafiəsi istiqamətində gördüyünüz mühüm işə görə Sizə və komandanıza xüsusi minnətdarlığımı bildirirəm.

İlk sualım belədir: hazırkı məruzənizin institusional başlanğıc nöqtəsi jurnalistlərin və insan hüquqları müdafiəçilərinin təhlükəsizliyi ilə bağlı 2022-ci il təşəbbüsünə gedib çıxır. 2022-ci ilin oktyabrında başqa bir təşəbbüs də Azərbaycanda siyasi məhbusların sayının artması barədə xəbərdarlıq etmişdi; həmin siyahıya uydurma böhtan ittihamları ilə mənim həbsim də daxil idi. 2026-cı ildən geriyə baxanda Sizcə, Azərbaycan hakimiyyətinin repressiya modeli necə dəyişib? Bu model fərdi təqiblərdən tənqidi səslərin susdurulmasına yönəlmiş sistemli siyasətə çevrilibmi?

Christophe Lacroix:
Cənab Qafarov, haqlısınız. Siz 2022-ci ildən bəri dəyişən və daha da pisləşən bir vəziyyətdən danışırsınız. 2026-cı ildə bu vəziyyət daha sərt, daha zorakı çalarlar alıb. Amma prezident Əliyevin, onun hökumətinin və rejiminin sistemli repressiya xətti əslində 2014-cü ildən başlayır. Yəni bu proses daha qədimdir.

Burada söhbət sadəcə ayrı-ayrı edamlardan, yaxud təsadüfi və özbaşına həbslərdən getmir. Söhbət Azərbaycanda rejimi tənqid edən bütün səsləri susdurmağa yönəlmiş totalitar və avtoritar sistemdən gedir. Üstəlik, bu tənqidlər tamamilə əsaslı səbəblərə söykənir. Bu rejim təkcə öz siyasətinə qarşı çıxan səsləri öldürmür, həm də demokratiyanı öldürür.

Keçmiş Rusiya imperiyasından, Sovet Sosialist Respublikaları İttifaqından çıxmış bir ölkədə bunu görmək çox kədərlidir. Kommunist rejimindən sonra xalq Avropa və Qərb tipli demokratiyaya ümid etmək hüququna malik idi. Amma təəssüf ki, yenidən ağır bir basqı mühiti yaradılıb. Sizin ölkənizdə baş verənlər həqiqətən də dəhşətlidir.

Abid Qafarov:
Təşəkkür edirəm. Bir daha komandanıza hazırladığınız ətraflı məruzəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Məruzəniz göstərir ki, təkcə jurnalistlər deyil, insan hüquqları müdafiəçiləri, seçki müşahidəçiləri, müxalifət nümayəndələri, akademiklər və bütöv müstəqil media komandaları eyni repressiv mexanizmlərlə hədəfə alınır.

Siz bu mənzərəni necə qiymətləndirirsiniz? Bu, yalnız insan hüquqları böhranıdır, yoxsa Azərbaycanda demokratik cəmiyyətin son qalıqlarının da dağıdılması prosesidir?

Christophe Lacroix:
Bu, həqiqətən də ağır və acı bir mənzərədir. Bu gün demək olar ki, Azərbaycanda yerli səviyyədə müstəqil media artıq mövcud deyil. Əgər varsa da, ya gizlənməyə məcburdur, ya da Sizin kimi xaricə sığınıb. Amma xaricdə olarkən də Sizə, ailənizə və yaxınlarınıza qarşı təhdidlər ola bilər.

Hazırda Azərbaycanda 36 jurnalist həbsdədir. Onlar dəhşətli şəraitdə saxlanılır. Onlara qarşı saxta sübutlar, korrupsiya iddiaları, xarici təsir ittihamları və digər tamamilə əsassız ittihamlar irəli sürülür. Azərbaycan jurnalistlərin həbsi baxımından ən repressiv ölkələrdən biri kimi qiymətləndirilir.

Amma dediyiniz kimi, məsələ yalnız jurnalistlərlə məhdudlaşmır. Bu, bütün vətəndaş cəmiyyətinə aiddir. Hətta universitet tədqiqatçıları da hədəfə alınır. Əslində, azad danışmağa qərar verən hər kəs həbs olunur. Onlar üçün saxta məhkəmələr, saxta prosedurlar, saxta əsaslar uydurulur; insanları həbsdə saxlamaq və ağır cəzalara məhkum etmək üçün bütün mexanizmlər işə salınır. Bu da göstərir ki, Azərbaycanda məhkəmə hakimiyyəti icra hakimiyyətindən müstəqil deyil.

Abid Qafarov:
Məruzənizdə o da qeyd olunur ki, Azərbaycana faktaraşdırıcı səfər mümkün olmayıb. AŞPA üzvləri persona non grata elan edilib, Azərbaycan nümayəndə heyəti isə 2025 və 2026-cı illərdə AŞPA-nın işində iştirak etməyib.

Məruzəçinin ölkəyə buraxılmadığı, hakimiyyətin AŞPA ilə dialoqdan geri çəkildiyi bir şəraitdə Avropa Şurası real vəziyyəti necə izləyə və Azərbaycan cəmiyyətinin tək buraxılmamasına necə təminat verə bilər?

Christophe Lacroix:
Doğrudur, mən də bəzi həmkarlarım kimi persona non grata siyahısındayam. Çünki Əliyev rejimini pisləyən qətnamələrə səs vermişəm. Amma mənim üçün əsas problem bu deyil. Əsas çətinlik, Sizin də dediyiniz kimi, orada baş verənlərdən necə dəqiq xəbərdar olmaq məsələsidir.

Bunun üçün Sizin kimi müstəqil media nümayəndələri var; onlar bizi vəziyyət barədə məlumatlandırırlar. Amnesty International kimi beynəlxalq humanitar təşkilatlar hesabatlar hazırlayır. Bundan başqa, Avropa Şurası çərçivəsində Nazirlər Komitəsi var və o, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasını izləyir. Nazirlər Komitəsi səviyyəsində rüblük iclaslar keçirilir və məhkəmə qərarlarının icrasında gecikən üzv dövlətlər izahat verməlidirlər.

Aydındır ki, Azərbaycan hazırda Nazirlər Komitəsinin bu işində iştirak etmir. Buna görə də mən məruzəmdə Nazirlər Komitəsindən tələb edirəm ki, Azərbaycandan bu iclaslara qayıtmağı tələb etsin.

Bundan başqa, Avropa Şurası Parlament Assambleyasında Monitorinq Komitəsi var. Bu komitənin vəzifələrindən biri müxtəlif üzv ölkələrdə insan hüquqları vəziyyəti barədə mütəmadi, o cümlədən üç aydan bir hesabatlar hazırlamaqdır. Mən həmçinin tələb edirəm ki, Monitorinq Komitəsi Azərbaycanda baş verənləri əldə edə bildiyimiz bütün məlumatlar əsasında daha diqqətlə izləsin.

Abid Qafarov:
Təşəkkür edirəm. Məruzənizdə Media haqqında qanuna, Siyasi partiyalar haqqında qanuna və qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericiliyə xüsusi diqqət ayrılır. Praktikada bu qanunlar müstəqil medianı, vətəndaş cəmiyyətini və siyasi plüralizmi məhdudlaşdırır.

Sizcə, Azərbaycan hakimiyyəti artıq repressiyanı yalnız polis və məhkəmələr vasitəsilə deyil, həm də qanunun özünü avtoritar nəzarət alətinə çevirməklə həyata keçirir?

Christophe Lacroix:
Bəli. Şübhəsiz, tamamilə belədir. Parlament prezident Əliyevin nəzarəti altındadır; hökumət də, əlbəttə, onun nəzarətindədir; məhkəmə sistemi də eyni vəziyyətdədir. Hakimiyyət məhkəmələri yönləndirmək üçün parlament vasitəsilə fikir azadlığını və siyasi azadlıqları boğan qanunlar qəbul edir.

Xaricdən maliyyələşən siyasi partiyalar qadağan edilir. Siyasi azadlığın istənilən formasını məhdudlaşdıran qanunlar qəbul olunur və bütün bunlar “anti-Azərbaycan təbliğatı” kimi təqdim edilir. Bu, həqiqətən də böyük problemdir və mən məruzəmdə bunu göstərirəm: prezident Əliyev hökumət, məhkəmə və qanunvericilik səviyyəsində elə bir sistem qurub ki, fərqli fikrin ifadəsi üçün bütün imkanlar bağlanır.

Mənim üçün bu, yalnız avtoritar dövlət anlayışı deyil; burada artıq totalitar dövlət modelindən söhbət gedir.

Abid Qafarov:
Təşəkkür edirəm. Məruzəniz faktlarla çox zəngindir və buna görə də suallarımda məruzəyə istinad etməyi üstün tuturam.

Beşinci sualım belədir: məruzədə həbsdə olan qadın jurnalistlərə qarşı seksual zorakılıq, seksual zorakılıqla hədələmə və alçaldıcı rəftar iddiaları ciddi narahatlıq kimi qeyd olunur. Bu iddialar ayrı-ayrı məmurların təsadüfi qanunsuz davranışı kimi görünmür; onlar cəzaçəkmə sistemində cəzasızlıq mühitinə və qorxu siyasətinə işarə edir.

AŞPA bu məsələdə hansı konkret addımları tələb etməlidir: CPT hesabatlarının dərcini, beynəlxalq monitorinqin davam etdirilməsini, yoxsa məsul şəxslərin fərdi məsuliyyətə cəlb olunmasını?

Christophe Lacroix:
Məncə, burada da insan hüquqlarına hörmət baxımından çox ciddi problem var. Həbsxanalarda geniş yayılmış zorakılıq, tamamilə qeyri-insani rəftar halları mövcuddur. İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin — CPT-nin hesabatları dərc edilməlidir. Bu məsələnin beynəlxalq səviyyədə araşdırılması və izlənilməsi davam etməlidir.

Sanksiyalara gəldikdə, mən bu barədə qəti qərar verə bilmərəm. Çünki fərdi sanksiyaları Avropa Şurası Parlament Assambleyası tətbiq edə bilməz. Amma bu məsələ şübhəsiz ki, Nazirlər Komitəsi tərəfindən araşdırılmalıdır. Üzv dövlətlər isə fərdi qaydada belə addımları nəzərdən keçirə bilərlər. Mən özüm də hökumətimə prezident Əliyev rejiminə, Azərbaycanda törədilən sui-istifadələrə, pozuntulara və cinayətlərə görə məsul olan şəxslərə qarşı mümkün sanksiyalar barədə sual ünvanlamışam.

Hesab edirəm ki, bu, milli hökumətlərimizin, eləcə də Avropa İttifaqının məsuliyyətidir: rejimi dəyişməyə məcbur etmək üçün mərhələli sanksiyalar paketini nəzərdən keçirməlidirlər. Beynəlxalq səviyyədə görürük ki, rəsmi şəxslərə və konkret şəxslərə qarşı sanksiyalar və ya digər konkret tədbirlər tətbiq edilmədikdə vəziyyət ya çox yavaş dəyişir, ya da ümumiyyətlə dəyişmir. Bunu Qəzzadakı soyqırım kontekstində, İsrail nümunəsində də, Putin rejimi ilə bağlı da görürük. Buna görə də bu məsələ ciddi şəkildə araşdırılmalıdır.

Abid Qafarov:
Məruzəniz göstərir ki, Abzas Media, Toplum TV, Meydan TV, Hürriyyət TV, Kanal 11, Kanal 13 və digər müstəqil media qruplarına qarşı eyni ittiham modeli tətbiq olunub. Ülvi Həsənlinin işi xüsusilə narahatedicidir. O, daha əvvəl AŞPA komitəsində ifadə vermişdi, sonra isə ağır cəzaya məhkum edildi.

Siz bunu beynəlxalq təşkilatlarla əməkdaşlığa görə qisas, yəni cəza kimi qiymətləndirirsinizmi?

Christophe Lacroix:
Bəli. Mənim üçün bu, açıq şəkildə cəzalandırmadır. Mən həmin iclasda iştirak edirdim. Müstəqil jurnalist cənab Həsənli orada ifadə verməyə gəlmişdi. Bu, həm təsirli idi, həm də onun nə qədər böyük risk aldığını göstərirdi. Çünki həmin iclasda Azərbaycan nümayəndə heyətinin üzvləri də iştirak edirdi və biz görürdük ki, o, izlənilir, qeydə alınır.

Təəssüf ki, Parlament Assambleyası və beynəlxalq təşkilatlar burada ifadə verməyə dəvət olunan şəxsləri beynəlxalq müdafiə mexanizmi ilə təmin edə bilmirlər. O, faktlarla danışdı, məlumatlar təqdim etdi. Sonra həbs olundu. Onunla birlikdə olan başqa şəxslər də həbs edildi.

Bu, Parlament Assambleyasının qarşılaşdığı çətinliklərdən biridir. Assambleya müxtəlif ölkələrin nümayəndə heyətlərindən ibarətdir. Azərbaycan parlament nümayəndə heyəti isə əməkdaşlıq ruhu ilə deyil, repressiya və araşdırma imkanlarını bağlamaq niyyəti ilə gəlirdi.

Abid Qafarov:
Cənab Lacroix, məruzə Məhəmməd Mirzəliyə qarşı sui-qəsd cəhdinə də istinad edir. Bu isə jurnalistlər, bloqerlər və vətəndaş fəalları üçün yeni təhlükə olan transmilli repressiya məsələsidir. Fransada Vidadi İsgəndərlinin öldürülməsi və xaricdə yaşayan azərbaycanlı tənqidçilərə qarşı təzyiqlər göstərir ki, Azərbaycan hakimiyyəti tənqidçiləri təkcə ölkə daxilində deyil, Avropada da hədəfə alır.

Avropa Şurasına üzv dövlətlər bu insanları qorumaq üçün nə etməlidir? Sığınacaq prosedurlarını sürətləndirməli, siyasi motivli ekstradisiyaları rədd etməli, yoxsa təhlükəsizlik mexanizmlərini gücləndirməlidirlər?

Christophe Lacroix:
Mən Avropa Şurası Parlament Assambleyasının üzvü və Belçika parlamentinin deputatı kimi hesab edirəm ki, üzv dövlətlər Azərbaycanla münasibətdə riyakarlığa son qoymalıdırlar. Bu gün prezident Əliyev Avropanın hər yerində qəbul edilir. O, Avropa İttifaqı tərəfindən də qəbul edilir. Halbuki o, diktatordur. Buna görə də hər bir üzv dövlət bu məsələdə öz mövqeyinə yenidən baxmalıdır.

Əlbəttə, burada neftin və qazın qiyməti məsələsi var. Amma müəyyən məqamda qanın da qiyməti var. Mən ingiliscə belə deyərdim: blood price — qanın qiyməti — neftin və qazın qiymətindən daha vacibdir.

Hesab edirəm ki, hər bir üzv dövlət Azərbaycandan olan siyasi qaçqınlara və sığınacaq axtaranlara münasibətdə müdafiə mövqeyi tutmalıdır. Bir qədər əvvəl dediyim kimi, beynəlxalq müdafiə mandatları və ya buna bənzər mexanizmlər nəzərdən keçirilməlidir. Biz hamımız anlamalıyıq ki, Azərbaycan xalqını, xüsusilə də Azərbaycanın tənqidi səslərini qorumaq borcumuzdur.

Bənzər rejimlərlə bağlı problemləri başqa yerlərdə də görmüşük. Azərbaycan hökuməti indi deyəcəyim sözlərdən xoşlanmaya bilər, amma bu cür hökumətlər bəzən Suriyada və Liviyada gördüyümüz diktatorial rejimlərlə müqayisə oluna bilər. Belə rejimlərə qarşı müəyyən mərhələdə sanksiyalar tətbiq olunub. Əlbəttə, danışıqlar aparmaq lazımdır; danışıqlar həmişə mümkündür. Amma eyni zamanda sanksiyalar da ola bilər və ən əsası, ölkələrimizə sığınan dissident səslər qorunmalıdır. Məncə, bu, təcili şəkildə edilməlidir. Bu, hər bir üzv dövlətin siyasi iradəsindən asılıdır. Əsas məsələ isə bu riyakarlıqdan çıxmaqdır.

Abid Qafarov:
AŞPA uzun illərdir Azərbaycan hakimiyyətinə çağırışlar edir. Amma məruzəniz də göstərir ki, bu çağırışlar Bakının davranışında ciddi dəyişiklik yaratmayıb. Sizcə, artıq hədəfli fərdi sanksiyalar zəruridirmi? Məsələn, hakimlərə, prokurorlara, penitensiar sistem və təhlükəsizlik orqanlarının rəsmilərinə qarşı viza qadağaları və aktivlərin dondurulması kimi tədbirlər. Belə addımlar rejimə real təzyiq yarada bilərmi?

Christophe Lacroix:
Məncə, bəli. Amma bu, Avropa Şurası Parlament Assambleyasından deyil, daha çox dediyim kimi, üzv dövlətlərdən və onların siyasi iradəsindən asılıdır. Bununla belə, Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanla bağlı yaranmış çətinlikləri bütün üzv dövlətlərin diqqətinə çatdırmaqla aparıcı rol oynamalıdır.

Məruzəmdə Avropa Şurasının baş katibi cənab Alain Bersetdən Avropa İnsan Hüquqları Konvensiyasının 52-ci maddəsini işə salmağı xahiş etməyimin səbəblərindən biri də budur. Konvensiyanın 52-ci maddəsi baş katibə Azərbaycandan bu Konvensiyaya nə dərəcədə əməl etdiyinə dair dəqiq hesabat tələb etmək imkanı verir.

Bu, ilk dəfə olaraq Nazirlər Komitəsi səviyyəsində Azərbaycandan, prezident Əliyevdən və onun hökumətindən hesabat tələb etmək deməkdir. Ümid edirəm ki, bu əsasda Nazirlər Komitəsi bütün üzv dövlətlərlə birlikdə demokratiyanın mərhələli bərpası və prezident Əliyevlə real dialoqun qurulması istiqamətində hərəkət edə biləcək.

Abid Qafarov:
Azərbaycan Avropa Şurasının üzvüdür, amma AŞPA-ya nümayəndə heyəti göndərmir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasında ciddi problemlər qalır. Bunu Siz də bir qədər əvvəl qeyd etdiniz. İnsan hüquqları vəziyyəti isə daha da pisləşir.

Bu şəraitdə Azərbaycanın Avropa Şurasındakı gələcəyini necə görürsünüz? AŞPA öz qırmızı xətlərini harada çəkməlidir?

Christophe Lacroix:
Hazırda Azərbaycanın Avropa Şurası daxilində gələcəyini görmək çətindir. Bu gün Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti iştirak etmir, çünki onlar öz mandatlarını təqdim etmirlər. Bu isə o deməkdir ki, biz onların burada qəbul edilib-edilməməsi barədə qərar verə bilmirik. Bu vəziyyət onlara öhdəliklərini yerinə yetirməmək imkanı verir. Məsələn, onlar Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına əməl etmək istəmir, həmçinin bu Məhkəməyə yeni hakim təyin etmək istəmirlər.

Digər tərəfdən, Azərbaycan Nazirlər Komitəsinin üzvü olaraq qalır. Burada ciddi bir ikimənalılıq var. Mən parlamentari kimi bunu başa düşmürəm. Burada məruzəçi kimi yox, siyasi baxımdan deputat kimi danışıram. Mən anlamıram ki, necə olur, bir dövlət Avropa Şurasının yarımçıq üzvü kimi qala bilir: Nazirlər Komitəsində işini davam etdirir, özü də bütün məsələlərdə yox, amma Avropa Şurası Parlament Assambleyasına aid olmur.

Dialoqu yenidən qidalandırmaq, yenidən qurmaq lazımdır. Amma Azərbaycan AŞPA-ya Assambleyanın müəyyən etdiyi sərt şərtlərlə qayıtmalıdır. Azərbaycan burada oturmaq üçün sazişlər imzalayıbsa, Avropa Şurasının tələb etdiyi bütün şərtləri qəbul etməlidir. Bu, yalnız imza və sənəd məsələsi deyil. Bu, nümayəndə heyətlərinin Avropa Şurası institutları daxilində öz məsuliyyətlərini icra edərkən daim nümayiş etdirməli olduqları praktik davranışdır.

Mənim üçün bu, açıq qırmızı xətdir. Azərbaycan özü mərhələli şəkildə məhbusları azad etməyə, siyasi qanunları, fikri boğan repressiv qanunları ləğv etməyə, işgəncə ilə bağlı bildiyimiz bütün halları dayandırmağa razı olmadıqca, onu yenidən tam şəkildə Assambleyaya qaytarmaqdan söhbət gedə bilməz. Bütün bunlar dayanmalıdır. Yalnız prezident Əliyev rejimi xoş niyyət əlamətləri göstərdiyi halda biz düzgün və səmərəli əməkdaşlıq edə bilərik.

Abid Qafarov:
Bu məruzə yalnız hakimiyyətə ünvanlanmış sənəd deyil, həm də Azərbaycan cəmiyyətinə müraciətdir. Jurnalistlər, insan hüquqları müdafiəçiləri, siyasi məhbus ailələri və demokratik qüvvələr ağır təzyiq altındadır.

Azərbaycan xalqına mesajınız nə olardı? Qorxunun normaya çevrildiyi bir ölkədə insanlar insan ləyaqətini, söz azadlığını və demokratiyaya ümidi necə qoruya bilərlər?

Christophe Lacroix:
Əvvəlcə totalitar rejim altında yaşamağa davam edən, eyni zamanda ləyaqətlə yaşamağa çalışan Azərbaycan xalqına heyranlığımı ifadə etmək istəyirəm. Bəzən insanlar bunun üçün həyatlarını, azadlıqlarını riskə atırlar və biz bunu görmüşük.

Azərbaycanda azadlıq uğrunda mübarizə aparmış, artıq aramızda olmayan bütün qadın və kişilərin xatirəsi qarşısında ehtiramımı bildirirəm. Mübarizəni birbaşa və ya dolayı şəkildə, Azərbaycanın içindən və ya xaricdən davam etdirən hər kəsi ruhlandırmaq istəyirəm.

Onlara demək istəyirəm ki, mənim məruzəmdə bir dəstək tapacaqlar. Bu dəstək, əlbəttə, mənəvi dəstəkdir, amma eyni zamanda siyasi dəstəkdir. Onların mübarizəsi Azərbaycanda susdurulsa belə, burada izah edilir, Assambleyada səsləndiriləcək, müzakirə olunacaq, dərc ediləcək və rəsmi sənəd kimi qalacaq. Prezident Əliyevin rejimi artıq bütün bunların uydurma olduğunu deyə bilməyəcək.

Mübarizəni davam etdirin. Özünüzə və ailələrinizə çox diqqətli olun. Amma Avropa Şurasına üzv dövlətlər Sizin arxanızda dayanmalıdır. Mən Sizin arxanızdayam və imkanlarımın məhdud olmasına baxmayaraq, gücüm çatdığı qədər Sizə, ailələrinizə və sevdiyiniz insanlara daha sakit, daha dinc bir gələcək gətirmək üçün Sizi sonadək müşayiət edəcəyəm.

Abid Qafarov:
Vaxtımız qaldığı üçün, icazənizlə, daha iki sual vermək istəyirəm. Çox sağ olun, cənab Lacroix.

Bildiyimiz kimi, Rusiya keçmiş SSRİ ölkələrinə təsir göstərir. Məsələn, mən ATƏT tədbirində olanda gördüm ki, bəzi keçmiş SSRİ ölkələri Gürcüstanda demokratik qanun yaradıcılığına Rusiya müdaxiləsi mövzusunda yan tədbirlər keçirirlər.

Sizcə, Media haqqında yeni qanun, Siyasi partiyalar haqqında yeni qanun kimi sənədlər Rusiyada və Gürcüstanda görülən işlərə bənzəyir və indi Azərbaycana da transfer olunur. Azərbaycan, Gürcüstan və digər keçmiş SSRİ ölkələri Rusiyanın daxili demokratik qanunvericilik proseslərimizə müdaxiləsinin qarşısını necə ala bilər? Avropa birliyi bunun qarşısını almaqda bizə necə kömək edə bilər?

Christophe Lacroix:
Mən Sizə belə deyərdim: əgər Gürcüstan və Azərbaycan demokratiya olsaydı, Vladimir Putinin və onun rejiminin birbaşa və ya dolayı şəkildə tətbiq etdiyi təbliğata, tədbirlərə və qanunlara müqavimət göstərə bilərdilər.

Bunu Macarıstanda gördük. Viktor Orban seçkilərdə məğlub edildi və onun yerinə Péter Magyar gəldi, çünki macarlar demokratiya, hörmət və Rusiya təsirindən azad olmaq istəyirdilər. Onlar bunu edə bildilər, çünki orada demokratiya var idi.

Buna görə də biz Avropa İttifaqı və Avropa Şurasına üzv dövlətlər səviyyəsində iki istiqamətdə hərəkət etməliyik. Birincisi, Gürcüstan və Azərbaycan rejimlərini mümkün qədər real və tam demokratiyanı bərpa etməyə məcbur etməliyik ki, xalqın həqiqətən söz haqqı olsun. İkincisi, Avropa İttifaqı səviyyəsində Vladimir Putin rejiminə və oliqarxlara qarşı sanksiyaları davam etdirməliyik.

Biz Ukrayna xalqının yanındayıq. Eyni şəkildə Gürcüstan və Azərbaycan xalqlarının, həmçinin Rusiya təzyiqi və müdaxiləsi ilə üzləşən digər xalqların yanında da olmalıyıq. Serbiyanı da düşünürəm; orada da problemlər var. Buna görə də çox ayıq-sayıq olmalı və diplomatik, siyasi və iqtisadi sanksiyalarla qətiyyətli şəkildə hərəkət etməliyik.

Abid Qafarov:
Tamamilə doğrudur. Siz demokratiya və qaz məsələsinə toxundunuz. Bu müsahibənin bəlkə də ən mühüm sualını vermək istəyirəm. Biz tez-tez eşidirik ki, Əliyev demokratiyanı qazla dəyişir və görünür, Avropa cəmiyyəti və təşkilatları da bu alış-verişdən razıdır.

Sizcə, Avropa diktatorların bu “qaz müqabilində demokratiya” ticarətinə göz yummasını necə dayandıracaq? Bu, neft və qaz sahibi olan, amma bu sərvətlərin faydasından yararlana bilməyən xalqlar üçün həyati məsələdir. Avropanın “demokratiya qazla dəyişdirilə bilməz” deməsini nə zaman gözləməliyik?

Christophe Lacroix:
Mən bu məsələdə sərt mövqenin tərəfdarıyam. Düşünürəm ki, Avropanın Rusiyadan qaz və neft almaması — normalda almaması, çünki hələ də paralel kanallar, məsələn Azərbaycan kanalı kimi yollar qalır — bizi dəyərlərimizə hörmət məsələsindən azad etmir.

Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası və Avropa Şurası İkinci Dünya müharibəsindən sonra bu ideya üzərində qurulub: biz demokratiya istəyirik, ədalət istəyirik, sosial, siyasi və iqtisadi azadlıq istəyirik.

Bu gün əgər biz prezident Əliyev rejimi kimi diktatorial rejimlə qaz və neft kimi enerji resursları üçün danışıqlar aparmalıyıqsa, məncə, siyasi şərtlər irəli sürmək cəsarətimiz olmalıdır. Yəni, bəli, siz bizə qaz və neft verirsiniz, biz buna ehtiyac duyuruq və bunu sizdən istəyirik. Amma siz də digər tərəfdən siyasi islahatlara başlamağı, azadlıqları yaxşılaşdırmağı, jurnalistlərin azadlığını, siyasi azadlığı, medianın müstəqilliyini, məhkəmələrin müstəqilliyini təmin etməyi öhdənizə götürməlisiniz.

Məncə, kommersiya sazişi yalnız siyasi və humanitar tədbirlərlə şərtləndirildiyi halda məna kəsb edə bilərdi. Bu mövzuda Avropa İttifaqı daxilində çox böyük riyakarlıq olduğunu düşünürəm. Bir sosialist və insan hüquqları müdafiəçisi kimi məni xüsusilə narahat edən odur ki, prezident Əliyevi qəbul etmək üçün qırmızı xalçalar sərilir, Bakıda rejimə beynəlxalq vitrin qazandıran tədbirlər təşkil olunur.

Bir məqam gəlir ki, bunu dayandırmaq lazımdır. Çünki bu, tamamilə ləyaqətsiz, tamamilə qəbuledilməz görünür. Ümid edirəm ki, Avropa İttifaqı üzv dövlətlərinin hökumətləri, xanım Kallas, xanım von der Leyen mənim məruzəmi oxuyacaq və başa düşəcəklər ki, Avropanın iqtisadi maraqları var, amma Avropanın siyasi marağı Əliyev rejimi tipli diktaturalarla gözləri tamamilə bağlayaraq əməkdaşlıq etməkdən ibarət olmamalıdır.

Abid Qafarov:
Cənab Lacroix, sabah təqdim ediləcək bu dəyərli məruzənin hazırlanmasına vaxt və əmək sərf etdiyinizə görə Sizə və bütün komandanıza bir daha təşəkkür edirəm. Sizi və komandanızı təbrik edirəm. Azərbaycanda media azadlığının, söz azadlığının və insan hüquqlarının müdafiəsi istiqamətində göstərdiyiniz böyük səylərə görə çox sağ olun.

Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Ümid edirəm və əminəm ki, Azərbaycanda baş verənlərlə bağlı dəyərli hesabat və məlumatların təqdim edilməsi baxımından Sizinlə əməkdaşlığımız davam edəcək. Bir daha təşəkkür edirəm.

Christophe Lacroix:
Təşəkkür edirəm. Çox sağ olun.

Paylaş:

Əlaqəli Məqalələr