Xəbərlər

Tofiq Yaqublunun həbsxanada təzyiqlərlə üzləşdiyi bildirilir

Hörümcək 21.09.2026 🕒 2 dəq oxuma

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlərlə üzləşdiyi bildirilir.

Bu barədə siyasətçinin qızı Nigar Həzi sentyabrın 21-də sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, atasının həbsxanadakı vəziyyəti getdikcə ağırlaşır və ona qarşı təzyiqlər artır.

“17 saylı Cəzaçəkmə Müəssisəsində Tofiq Yaqublunun həyatı dözülməz, yaşanmaz həddə çatdırılıb. Təzyiqlər isə get-gedə daha da artır”, – Nigar Həzi bildirib.

O, həmçinin Yaqublunun həyat yoldaşı Maya Yaqubluya etibarnamə vermək üçün təxminən dörd həftədir müraciət etdiyini, lakin məsələnin hələ də həll olunmadığını qeyd edib.

Nigar Həzinin sözlərinə görə, notariat xidmətinin göstərilməsi ilə bağlı məsuliyyət Ədliyyə Nazirliyi ilə Penitensiar Xidmət arasında yönləndirilir və nəticədə etibarnamə verilmir.

“Gah deyirlər ki, bu işə Ədliyyə Nazirliyi baxır, gah da deyirlər Penitensiar Xidmət. Uzun sözün qısası, o, bunun üstünə atır, bu da onun. Hələ də anam etibarnaməni ala bilməyib”, – o yazıb.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 10 mart 2025-ci ildə onu 9 il müddətinə azadlıqdan məhrum edib.

O, külli miqdarda ziyan vurmaqla dələduzluq, eləcə də saxta sənədlərin hazırlanması və istifadəsi ilə bağlı ittihamlarla təqsirli bilinib.

Yaqublu ittihamları qəbul etmir və həbsini siyasi motivli hesab edir. Sonradan hökm apellyasiya və kassasiya instansiyalarında da qüvvədə saxlanılıb. Ali Məhkəmə 2 aprel 2026-cı ildə kassasiya şikayətini təmin etməyib.

Tofiq Yaqublu daha əvvəl də həbsdə aclıq aksiyası keçirib. 2026-cı ilin martında vəkili onun qısa müddətdə ciddi çəki itirdiyini bildirmişdi.

Nigar Həzinin səsləndirdiyi son iddialara Penitensiar Xidmətin mövqeyi açıqlanmayıb.

Paylaş:

Əlaqəli Məqalələr