Xəbərlər

ABŞ və İran arasında sülh sazişi əldə olunduğu açıqlanıb

Hörümcək 15.06.2026 🕒 2 dəq oxuma

ABŞ və İran arasında aparılan intensiv danışıqlardan sonra sülh sazişinə dair razılaşmanın əldə olunduğu açıqlanıb.

Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif məlumat verib. O bildirib ki, tərəflər Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və birdəfəlik dayandırılması barədə razılığa gəliblər.

Şahbaz Şərifin sözlərinə görə, razılaşmanın rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.

Pakistan Baş naziri ABŞ və İran rəhbərliyinə münaqişənin diplomatik yolla həllinə sadiqlik nümayiş etdirdiklərinə görə təşəkkür edib. O, həmçinin Qətər, Səudiyyə Ərəbistanı və Türkiyənin danışıqlar prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

“Razılaşma artıq qüvvədədir. Vasitəçilər bu həftə ərzində bir sıra görüşlər təşkil edəcəklər. Bu müzakirələr texniki məsələlərin həlli və rəsmi imzalanma mərasiminə hazırlıq üçün əsas yaradacaq”, – deyə Şahbaz Şərif qeyd edib.

Razılaşmanın detalları və tərəflərin üzərinə götürdüyü öhdəliklərlə bağlı əlavə məlumatların yaxın günlərdə açıqlanacağı gözlənilir.

Paylaş:

Əlaqəli Məqalələr