Adil Əliyevdən şikayət edən şəhid atası daha sonra iddialarından imtina etdi
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevdən şikayət edən şəhid atası Hüseyn Qasımov daha sonra sosial şəbəkədə video yayaraq əvvəl səsləndirdiyi iddialardan geri çəkilib.
Hüseyn Qasımovun sosial şəbəkələrdə yayılan ilk videosunda Hövsan qəsəbəsində ona məxsus əkin sahəsinin Adil Əliyev tərəfindən ələ keçirildiyi iddia olunurdu. O, baş verənlərə etirazını ifadə edərək icra başçısından şikayət etmişdi.
İlk görüntülərin yayılmasından sonra Qasımovun ikinci videosu sosial şəbəkələrdə paylaşılıb. Bu dəfə o, əvvəlki açıqlamalarından imtina edib və həmin videonun çəkildiyi vaxt sərxoş olduğunu bildirib.
“Mən ümumiyyətlə telefondan istifadə edə bilmirəm. O video necə çəkilib, necə paylaşılıb, xəbərim yoxdur. Video çəkiləndə də bir az sərxoş idim”, – Hüseyn Qasımov ikinci videoda deyib.
Qasımovun mövqeyini hansı şəraitdə dəyişdiyi və ikinci videonun necə çəkildiyi barədə əlavə məlumat yoxdur.
Adil Əliyev 8 iyul 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib və hazırda həmin vəzifəni tutur.
Azərbaycanda dövlət qurumlarından və ya vəzifəli şəxslərdən şikayət edən vətəndaşların daha sonra əvvəlki açıqlamalarından imtina etməsi və ya üzr videosu yayması ilə bağlı bundan əvvəl də müxtəlif hallar ictimailəşib.


