Rəy / Analitika

Söz can üstədir: NO-ID Journalism niyə indi lazımdır?

Hörümcək 11.06.2026 🕒 6 dəq oxuma

Bir neçə gün əvvəl jurnalist həmkarlarımla məsləhətləşərək məxfi jurnalistika üçün yeni bir təşəbbüsə — NO-ID Journalism layihəsinə start verdik. Bu qərar təsadüfi yaranmadı. Biz bu layihəni başlamazdan əvvəl də Azərbaycanda medianın hansı vəziyyətdə olduğunu yaxşı bilirdik. Ölkədə 26 jurnalist həbsdədir, müstəqil media qurumları bağlanır, redaksiyalara hücum edilir, jurnalistlər təqib olunur, onların peşə fəaliyyəti faktiki olaraq cinayət kimi təqdim edilir.

Amma problem yalnız ölkə daxilində bitmir. Bu gün Azərbaycan jurnalistləri, bloggerləri, ictimai-siyasi fəalları ölkədən kənarda da susdurulmağa çalışılır. Əvvəllər biz mühacirətdə olan azərbaycanlı fəalların müəmmalı ölümlərinə, hücumlara, təqiblərə şahid olmuşuq. Bu sırada Bayram Məmmədov və Vidadi İsgəndərli kimi adlar yaddaşımızda ağır iz buraxıb.

Son illərdə isə bu təhlükə daha sistemli xarakter alıb. Xaricdə yaşayan, yazan, danışan, hakimiyyəti tənqid edən jurnalistlərə və bloggerlərə qarşı qiyabi hökmlər oxunur, onlar hüquqi təqibə məruz qalır, bəzən isə fiziki hücumların hədəfinə çevrilirlər. Bir neçə il əvvəl Məhəmməd Mirzəliyə qarşı edilən qəddar hücum yəqin ki, hamımızın xatirindədir. Bu, təkcə bir bloggerə qarşı hücum deyildi. Bu, Avropada yaşayan azərbaycanlı tənqidçi səsə qarşı açıq mesaj idi.

Bir neçə ay əvvəl Azərbaycan Xalq Parlamenti olaraq transmilli repressiyalar haqqında hesabat hazırladıq və dərc etdik. Həmin hesabatla yaxından tanış olanda insan bir daha anlayır ki, demokratiya uğrunda mübarizə nə qədər çətin, təhlükəli və keçməkeşli yoldur. Diktatura artıq yalnız ölkə sərhədləri daxilində repressiya aparmır. O, sərhədləri aşır, Avropaya qədər gəlib çıxır, mühacirətdə yaşayan insanları da qorxu altında saxlamağa çalışır.

Mən düşünürəm ki, bu mənzərə bizim üçün kifayət qədər ciddi əsasdır: media üçün həyəcan təbili çalınmalıdır.

Bu gün jurnalistlər öz adlarını gizlədərək fəaliyyət göstərməyə məcbur qalırsa, bu, adi təhlükəsizlik tədbiri deyil. Bu, söz azadlığının hansı vəziyyətə salındığını göstərən acı reallıqdır. Jurnalistlər həbs olunur, hücumlara məruz qalır, öldürülür, qiyabi hökmlərlə təhdid edilir. Onların yaxınları, qohumları, ailə üzvləri təzyiq altında saxlanılır. Belə bir şəraitdə jurnalistin adını gizlətməsi qorxaqlıq deyil — bəzən həyatda qalmaq, yazını davam etdirmək və həqiqəti qorumaq üçün yeganə yoldur.

Əgər jurnalist öz imzasını gizlətməyə məcburdursa, deməli, artıq söz azadlığı ağır xəstədir. Əgər insan həqiqəti yazdığı üçün ailəsini təhlükəyə atırsa, deməli, söz can üstədir. Əgər media yaşamaq üçün anonimliyə sığınırsa, deməli, biz artıq sözü qorumaq mərhələsindəyik.

Bu gün bizim əsas vəzifəmiz yalnız jurnalistləri qorumaq deyil. Biz sözü xilas etməliyik.

Məhz bu fonda Məhəmməd Mirzəli işi üzrə Fransada aparılan uzunmüddətli məhkəmə prosesinin yekunlaşması xüsusi əhəmiyyət daşıyır. Bloggerə hücum edən şəxslərə 30 ilə qədər həbs cəzası verilməsi təkcə bir cinayət işinin nəticəsi deyil. Bu qərar həm də Avropanın diktaturalara verdiyi mesajdır: sözə qarşı bıçaqla, zorakılıqla, qorxu ilə gələnlər cəzasız qalmamalıdır.

Fransa bu qərarla göstərdi ki, söz azadlığı yalnız kağız üzərində yazılmış prinsip deyil. Avropa göstərdi ki, mühacirətdə yaşayan bir jurnalistin, bloggerin, tənqidçinin təhlükəsizliyi də demokratik dünyanın məsuliyyətidir.

Elə bu məqamda NO-ID Journalism təşəbbüsünün nə qədər aktual və zəruri olduğu bir daha təsdiqlənir. Biz bu layihəni ona görə başladıq ki, həqiqəti yazmaq istəyən, amma adını açıqladığı halda həbs, hücum və ailəsinə təzyiq riski ilə üzləşən jurnalistlər üçün təhlükəsiz bir yol yaransın. Biz istəyirik ki, jurnalist susmasın. İstəyirik ki, həqiqət yoxa çıxmasın. İstəyirik ki, adını gizlətməyə məcbur olan insanın sözü də itib-batmasın.

NO-ID Journalism qorxunun yaratdığı boşluğu doldurmaq cəhdidir. Bu, anonimlik arxasında gizlənmək deyil. Bu, repressiya qarşısında sözü yaşatmaq modelidir.

Çünki bu gün məsələ yalnız bir jurnalistin taleyi deyil. Məsələ bütöv bir cəmiyyətin həqiqətə çıxış hüququdur. Əgər jurnalist susdurulursa, cəmiyyət kor qalır. Əgər media məhv edilirsə, xalq həqiqətdən məhrum edilir. Əgər söz öldürülürsə, demokratiya nəfəs ala bilmir.

Ona görə də bu gün biz açıq deməliyik: söz can üstədirsə, onu xilas etmək bizim borcumuzdur.

NO-ID Journalism bu borcun nəticəsidir. Bu layihə həm qorxunun, həm repressiyanın, həm də transmilli təzyiqlərin qarşısında sözün yaşaması üçün atılmış addımdır. Çünki diktatura sərhədləri aşa bilər, amma həqiqətin də sərhədi yoxdur.

Abid Qafarov

Paylaş:

Əlaqəli Məqalələr