Bəşir Süleymanlıya 9 il həbs cəzası istənilib
“QHT işi” üzrə həbsdə olan hüquq müdafiəçisi Bəşir Süleymanlıya 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası istənilib.
Noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Bəşir Süleymanlının 9 il müddətinə həbs edilməsini təklif edib.
Prokuror, həmçinin onun üç il müddətinə müəyyən vəzifələri tutmaq hüququndan məhrum edilməsini istəyib.
Bəşir Süleymanlıya qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması ilə bağlı ittihamlar irəli sürülüb.
Hüquq müdafiəçisi ittihamları qəbul etmir. O, QHT-lərin aldığı qrantların qanuni olduğunu və vəsaitlərin vətəndaşlara hüquqi yardım göstərilməsi, eləcə də seçkilərin monitorinqi kimi fəaliyyətlərə xərcləndiyini bildirib.
Növbəti məhkəmə iclasının noyabrın 19-da keçirilməsi gözlənilir. Həmin prosesdə müdafiə tərəfinin çıxışı və Bəşir Süleymanlının son sözünün dinlənilməsi nəzərdə tutulur.
Qeyd edək ki, prokurorun tələb etdiyi 9 il həbs cəzası məhkəmənin yekun hökmü deyil. Təqsirləndirilən şəxsin təqsirli olub-olmaması barədə qərarı məhkəmə verəcək.


