Beynəlxalq təşkilat Aytac Tapdığın səhhəti ilə bağlı təcili çağırış edib
London mərkəzli “Human Rights Solidarity” təşkilatı Meydan TV-nin həbsdə olan jurnalisti Aytac Tapdığın səhhətinin ağırlaşması ilə bağlı bəyanat yayıb.
Təşkilat bildirib ki, jurnalist uzun müddətdir nəfəs darlığından əziyyət çəkir və saxlanıldığı müəssisədəki şərait onun sağlamlıq problemlərini daha da kəskinləşdirir.
Bəyanata görə, Bakı İstintaq Təcridxanasının yüksək rütubətli ərazidə yerləşməsi Aytac Tapdığın nəfəs almaqda çətinlik çəkməsinə səbəb olur. Təşkilat jurnalistin lazımi tibbi müayinə və müalicə ilə təmin edilmədiyini vurğulayıb.
Bildirilir ki, vəkilin müraciətlərinə və müəssisənin baş həkiminə edilən şikayətlərə baxmayaraq, jurnalistin LOR mütəxəssisi tərəfindən müayinə olunması təmin edilməyib. Onun səhhəti ilə bağlı göndərilən rəsmi sorğuların da cavabsız qaldığı qeyd olunur.
“Human Rights Solidarity” Aytac Tapdığın Azərbaycanda müstəqil mediaya qarşı təqiblər çərçivəsində həbs olunan jurnalistlərdən biri olduğunu bildirib. Təşkilat ona və həmkarlarına qarşı irəli sürülən ittihamları siyasi motivli hesab edir.
Bəyanatda qeyd olunur ki, Aytac Tapdığın səhhətinin pisləşməsi Jurnalistləri Müdafiə Komitəsi və Sərhədsiz Reportyorlar təşkilatlarının da narahatlığına səbəb olub. Beynəlxalq qurumlar onun təcili və ixtisaslaşmış tibbi yardımla təmin edilməsini tələb ediblər.
Təşkilat həmçinin xəritə məlumatlarından istifadə etməklə jurnalistin saxlanıldığı binanın yerini müəyyən etdiyini bildirib. Onların iddiasına görə, Aytac Tapdıq Bakı 1 saylı İstintaq Təcridxanasının əsas korpusunun arxasında yerləşən kiçik binada saxlanılır.
İyulun 4-də keçirilən məhkəmə prosesində jurnalistin vəkili Cavad Cavadov Aytac Tapdığın səhhəti ilə bağlı Tibb Baş İdarəsinə iyunun 19-da müraciət göndərildiyini, lakin cavab alınmadığını bildirmişdi.
Aytac Tapdıq isə həbsdə olduğu müddətdə nəfəs alma probleminə görə 80 qutu burun spreyi istifadə etdiyini və saxlanma şəraitinin səhhətinə ciddi təsir göstərdiyini deyib.
Aytac Tapdıq 2024-cü il dekabrın 6-da “Meydan TV işi” çərçivəsində həbs olunub. Bu iş üzrə saxlanılan jurnalistlərə əvvəlcə qaçaqmalçılıq ittihamı irəli sürülsə də, sonradan ittihamlar ağırlaşdırılıb.
Həbs edilən jurnalistlər ittihamları qəbul etmir, cinayət işinin siyasi sifarişlə açıldığını və məqsədin ölkədə müstəqil medianı susdurmaq olduğunu bildirirlər.


