Xəbərlər

Dünya Çempionatı bu gün başlayır

Hörümcək 11.06.2026 🕒 2 dəq oxuma

Tarixdə ilk dəfə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı bu gün start götürür.

Turnirin açılış oyunu A qrupunda Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında keçiriləcək. Qarşılaşma Mexikoda yerləşən “Asteka” stadionunda Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. Oyunu braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.

Bu il keçirilən mundial ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunur. Turnirdə ümumilikdə 1248 futbolçu iştirak edir. Kabo-Verde, Kurasao, İordaniya və Özbəkistan milli komandaları dünya çempionatında ilk dəfə çıxış edəcəklər.

Turnir ərzində 104 oyun keçiriləcək, onlardan 78-i ABŞ ərazisində baş tutacaq.

Azərbaycanlı azarkeşlərin də diqqətlə izlədiyi komandalar sırasında Türkiyə milli komandası xüsusilə maraq doğurur. 24 il sonra yenidən dünya çempionatına vəsiqə qazanan “ay-ulduzlular” D qrupunda mübarizə aparacaq.

Türkiyə millisinin ilk oyunu iyunun 14-də Bakı vaxtı ilə saat 08:00-da Avstraliya yığmasına qarşı olacaq.

Qruplar

A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Koreya Respublikası, Çexiya
B qrupu: Kanada, Qətər, İsveçrə, Bosniya və Herseqovina
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə
E qrupu: Almaniya, Kurasao, Kot d’İvuar, Ekvador
F qrupu: Niderland, Yaponiya, İsveç, Tunis
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya
H qrupu: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay
I qrupu: Fransa, Seneqal, Norveç, İraq
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya
K qrupu: Portuqaliya, Konqo Demokratik Respublikası, Özbəkistan, Kolumbiya
L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

Turnir iyulun 19-da başa çatacaq. Son dünya çempionu 2022-ci ildə Qətərdə keçirilən turnirin qalibi Argentina millisidir.

Paylaş:

Əlaqəli Məqalələr