III Respublika Platformasından Aİ-yə çağırış: “Tərəfdaşlıq yalnız hökumətlə məhdudlaşmamalıdır”
III Respublika Platformasının “Toplum TV işi” üzrə həbsdə olan spikeri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətli Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə müraciət ünvanlayıblar.
Müraciətdə von der Leyenin iyulun 1-də Azərbaycana nəzərdə tutulan səfəri müsbət qiymətləndirilib. Bununla yanaşı, Avropa Komissiyası prezidentinin demokratikləşmə, insan hüquqları və hüququn üstünlüyü məsələlərini gündəmdə saxlamasının vacibliyi vurğulanıb.
Akif Qurbanov və Ruslan İzzətli bildiriblər ki, Avropa İttifaqının xarici siyasətində əməkdaşlıq edilən ölkələrə münasibətdə insan haqları, demokratiya və hüququn aliliyi əsas meyar olmalıdır.
“Xanım Ursula von der Leyendən xahişimiz rəhbərlik etdiyi qurumun xarici siyasət prioritetini Əliyev Azərbaycanına münasibətdə nümayiş etdirməsidir. Eyni zamanda əməkdaşlıq təkcə hökumətlə deyil, Azərbaycan xalqının müstəqil vətəndaş cəmiyyəti, media təmsilçiləri və siyasi qrupları ilə də aparılmalıdır”, — müraciətdə qeyd olunub.
Müəlliflər hesab edirlər ki, Azərbaycan xalqı ilə tərəfdaşlıq qurulmadan və ölkədə demokratikləşmə prosesi başlamadan aparılan əməkdaşlıq dəyərlərə xidmət edə bilməz.
“Dəyərlərə əsaslanmayan əməkdaşlıq isə qalıcı və dayanıqlı olmaz”, — müraciətdə vurğulanıb.
Bundan əvvəl Azərbaycanda həbsdə olan bir qrup ictimai fəal və jurnalist də Ursula von der Leyenə müraciət edərək, onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ölkədə insan hüquqlarının vəziyyətini müzakirə etməsini istəmişdi.


