Xəbərlər

Lənkəran Penitensiar Kompleksində məhkumlar isti su problemindən şikayətlənirlər

Hörümcək 18.08.2026 🕒 3 dəq oxuma

Lənkəran Penitensiar Kompleksində saxlanılan şəxslər müəssisədə isti suyun müəyyən edilmiş qrafikə uyğun verilmədiyini bildirirlər.

Bu barədə kompleksdə saxlanılan jurnalistlər “Abzas Media”ya məlumat veriblər.

Onların sözlərinə görə, apreldən tətbiq edilən yay cədvəlinə əsasən, cümə axşamı və bazar günləri isti suyun gün ərzində fasiləsiz verilməsi nəzərdə tutulub. Digər günlərdə isə isti su səhər saat 07:00-dan 11:00-dək dörd saat, axşam isə beş saat verilməlidir.

Məhkumlar bildirirlər ki, praktikada bu qrafikə əməl olunmur. İddialara görə, su verildikdən yalnız iki-üç saat sonra isinməyə başlayır. İsti suyun bütün gün verilməli olduğu günlərdə belə suyun kifayət qədər isti olmadığı bildirilir.

Yeddi nəfərlik kameralarda çimməyə vaxt çatmadığı deyilir

Məlumata görə, hamamların kameraların daxilində yerləşməsi vəziyyəti daha da çətinləşdirir. Saat 22:30-da “yat” komandası verildikdən sonra işıqlar söndürülür.

Yeddi nəfərin saxlanıldığı kameralarda suyun gec isinməsi səbəbindən bütün məhkumların növbə ilə çimməyə vaxt tapa bilmədiyi, bunun isə bəzən onlar arasında mübahisələrə səbəb olduğu bildirilir.

Problem yeməkxanada qabların yuyulmasına da təsir göstərir. Jurnalistlərin sözlərinə görə, 21 məhkum üçün cəmi bir qab yuma yeri ayrılıb. Suyun vaxtında isinməməsi nəticəsində çirkli qabların yığıldığı və məhkumların uzun müddət növbə gözləməli olduğu deyilir.

Məhkumlar problemlə bağlı müraciətlərinə əsaslandırılmış cavab ala bilmədiklərini bildirirlər.

Onların iddiasına görə, apreldən kompleks rəisinin təsərrüfat işləri üzrə müavini vəzifəsi boşdur. Hazırda həmin sahədə çalışan Təbriz Hənifəzadənin isə təsərrüfat işləri üzrə təcrübəsinin olmadığı bildirilir.

Jurnalistlərin sözlərinə görə, isti su ilə bağlı şikayət etdikdə onlara suyu özlərinin qızdıraraq istifadə etmələri tövsiyə olunub.

Kompleksin rəisi Babək İsgəndərov daha əvvəl qadın korpusunun istifadəyə verilməsi zamanı müəssisədə isti suyun daimi olduğunu bildirmişdi. Məhkumlar isə yay rejiminə keçildikdən sonra suyun saatla verildiyini və rəhbərliyin müəyyən etdiyi qrafikə belə əməl olunmadığını deyirlər.

Məsələ ilə bağlı Penitensiar Xidmətin mövqeyini öyrənmək mümkün olmayıb.

Paylaş:

Əlaqəli Məqalələr