“Toplum TV işi” üzrə apellyasiya: Müdafiə tərəfinin 8 vəsatəti rədd edilib
Sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə məhkum edilmiş 9 nəfərin apellyasiya şikayətlərinə baxılıb.
Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin təqdim etdiyi 8 vəsatətin heç biri ayrıca müzakirəyə çıxarılmayıb. Məhkəmə heyəti müşavirədən qayıtdıqdan sonra vəsatətlərin hamısının rədd edildiyini elan edib.
İclas zamanı hakimlə təqsirləndirilən şəxslər arasında mübahisə yaranıb. Buna hakimin Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanova “sən” deyə müraciət etməsi səbəb olub.
Qurbanov hakimdən nəzakət qaydalarına riayət etməsini tələb etdikdən sonra məhkəmə zalından çıxarılıb.
III Respublika Platformasının qurucu heyətinin üzvü Ruslan İzzətli də məhkəmə prosesinin aparılmasını və hakimlərin davranışını tənqid etdikdən sonra zaldan çıxarılıb.
Bundan sonra digər beş təqsirləndirilən şəxs Qurbanov və İzzətli ilə həmrəylik nümayiş etdirərək məhkəmə zalını tərk edib. Zalda yalnız “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev qalıb.
Növbəti məhkəmə iclası oktyabrın 5-i saat 15:30-a təyin olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsi iyulun 27-də “Toplum TV işi” üzrə hökm çıxarıb. Akif Qurbanov və Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli və Əli Zeynal 14 il, Ramil Babayev, İlkin Əmrahov və Müşfiq Cabbar 13 il, Fərid İsmayılov 12 il, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Məhkum olunanların hər biri, həmçinin 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum olunub.
“Toplum TV işi” üzrə həbslər 2024-cü ilin martında başlayıb. Təqsirləndirilən şəxslərə əvvəlcə qaçaqmalçılıq ittihamı irəli sürülsə də, sonradan ittihamlar ağırlaşdırılıb. Onlar ittihamları qəbul etmir və cinayət təqibinin jurnalist, ictimai və siyasi fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.


