Vüqar Məmmədovun təcili əməliyyata ehtiyacı olduğu bildirilir: Müalicəsi yarımçıq dayandırılıb
“Hürriyyət TV”nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun müalicəsinin yarımçıq saxlanıldığı və yenidən Bakı İstintaq Təcridxanasına qaytarıldığı bildirilir.
“Hürriyyət TV”nin məlumatına görə, iyulun 23-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilən jurnalist avqustun 8-də yenidən Bakı İstintaq Təcridxanasına köçürülüb.
Bildirilir ki, Müalicə Müəssisəsində Vüqar Məmmədovu müayinə edən həkimlər onun angioqrafiya olunması və təcili əməliyyata götürülməsi barədə rəy veriblər. Buna baxmayaraq, jurnalistin müalicəsinin başa çatdırılmadan təcridxanaya qaytarıldığı iddia olunur.
Vüqar Məmmədovun qardaşı Cəsur Məmmədov da onun səhhəti ilə bağlı ciddi problemlərin olduğunu bildirib. Onun sözlərinə görə, aparılan müayinələr nəticəsində jurnalistdə ürəyin işemik xəstəliyi, prostat vəzinin adenoması, böyrəklərdə kistalar, diz oynağında və sağ qasıq nahiyəsində yırtıq daxil olmaqla bir sıra xəstəliklər aşkarlanıb.
Cəsur Məmmədov bildirib ki, həkimlərin rəyi əsasında qardaşının özəl klinikalardan birində angioqrafiya müayinəsindən keçirilməsi və təcili əməliyyat olunması zəruri hesab edilib. Səhhəti ilə bağlı müvafiq arayışın Bakı Ağır Cinayətlər Məhkəməsinə də təqdim edildiyi qeyd olunur.
Ailə Vüqar Məmmədovun müalicəsinin davam etdirilməsi üçün Prezident İlham Əliyevə və Ombudsmana müraciət edib.
Penitensiar Xidmət jurnalistin müalicəsinin niyə dayandırılması və təcridxanaya qaytarılması ilə bağlı hələlik açıqlama verməyib.


