Köşə Yazısı

“Xalq buna layiqdir”?

Hörümcək 14.08.2026 🕒 4 dəq oxuma

“Bu xalqa bu da azdır”, “qırılası millətik”, “camaata nə olur, yaxşı olur”, “xalq mədəni deyil”-zad.

2015-ci ilə qədər bu ifadələri, mazoxist hayqırtıları demək olar nə eşidir, nə də işlədənlər olurdu. 

Sonra ikinci devalvasiya oldu və iqtisadi dəyişiklik nitqə, davranışlara, təfəkkürə münasibətlərə başqa cür təsir etməyə başladı.

«Xalq zövqsüzdür», «TikTokda bayağı insanları izləyirlər», «əhalinin səviyyəsi aşağıdır», «demokratiyaya hazır deyillər»… 

Bu cümlələri bu gün tez-tez eşidirik. Ardınca belə bir nəticə çıxarılır: «Xalq belədirsə, deməli, belə idarə olunmağa layiqdir.»

Bu yanaşmanın təhlükəli olduğunu nə qədər adam hiss edir? Hərənin öz cavabı var.

İnsan davranışı mühitdən çox asılıdır. Bəli, əgər insan illərlə görürsə ki, qanuna əməl edən uduzur, tanışlıqla iş həll olunur, güclü adam cəzalandırılmır, hakimiyyəti tənqid etmək təhlükəlidir, dürüstlük insana zərər gətirir, həqiqəti demək risklidir – onun davranışı dəyişə bilər.

Bu, onun «pis insan» olması demək deyil. Sistem ona hansı davranışın daha sərfəli olduğunu öyrədir.

Təsəvvür edin, bir idarədə iki insan var. Biri dürüstdür, qaydalara əməl edir, fikrini açıq deyir. Digəri yaltaqlanır, rəhbərin xoşuna gəlir, başqasının haqqını tapdalayaraq üstünlük qazanır. O idarədə sistem birincini cəzalandırıb, ikincini mükafatlandırırsa, insanlar tədricən belə düşünə bilərlər:

«Burada yaxşı insan olmaq bəs etmir. Sağ qalmaq üçün sistemin istədiyi kimi davranmalısan.»

Qorxu da insanı dəyişir. İnsan zamanla nə düşündüyünü deməməyə, başqasına etibar etməməyə, risk etməməyə, hakimiyyət, güc qarşısında itaətkar olmağa, hətta zəifləri əzməyə başlayır.

Acınacaqlı vəziyyət yaranır. 20–30 il ərzində insanlara müstəqil düşünməməyi, sorğulamamağı, fərqli fikrə dözümsüz olmağı, şəxsi əlaqələri qanundan üstün tutmağı öyrədənlər sonra həmin davranışları göstərib deyə bilərlər ki, “görürsünüz, xalq belədir, bu gündədir.»

Beləliklə, idarəçilər yaratdığı davranışları xalqın «xarakteri» kimi təqdim edirlər.

Bəs TikTok?

Bir insanın bayağı kontent izləməsi ilə məhkəmələrin müstəqilliyi, korrupsiyanın səviyyəsi, seçkilərin ədalətliliyi, söz azadlığı və qanunun aliliyi arasında səbəb-nəticə əlaqəsi yoxdur. 

Sual «xalq niyə buna baxır?» yox, «niyə bu kontent bu qədər populyardır?» olmalıdır. Burada media mühiti, alqoritmlər, sosial-iqtisadi şərait, təhsil, psixoloji ehtiyaclar və reklam iqtisadiyyatı kimi çoxsaylı amillər rol oynayır.

Əslində, dövlət idarəçiliyinin mahiyyəti də budur. Cəmiyyətin təhsili zəifdirsə – təhsil siyasəti qurulur. Sosial etimad aşağıdırsa -institutlar etimad qazanmalıdır. İnsanlar qanuna əməl etmirsə – qanun hamıya bərabər tətbiq olunmalıdır. İnformasiya mühiti zəifdirsə – müstəqil və keyfiyyətli media üçün şərait yaradılmalıdır.

Dövlətin işi yalnız yaxşı formalaşmış insanları idarə etmək deyil. Dövlət həm də sağlam ictimai mühit yaratmalıdır.

«Xalq buna layiqdir» demək çərənçilik, qocasayağı donquldamaqdır. Bu ifadə məsuliyyəti hakimiyyətdən götürüb, xalqın, cəmiyyətin üzərinə atmaqdır.

Xalqın qüsurları, səhvləri ola bilər. Di gəl bunlar heç vaxt pis idarəçiliyə bəraət qazandıra bilməz. 

Məsələ təkcə xalqın necə davranmasında deyil. İnsanların hansı davranışa görə mükafatlandırıldığı, hansına görə cəzalandırıldığı da böyük əhəmiyyət daşıyır.

Hə, bir də ki, istəyirsiniz lap divara dırmaşın – ədalət olmayan yerdə mədəniyyət də olmayacaq.

Orxan Adıgözəl, 12.08.2026

Paylaş:

Əlaqəli Məqalələr