Xəyalə Ağayeva: “Dövlət Meydan TV-ni cəzalandırmağa çalışır, çünki biz dövlətin olmadığı yerlərdə peyda olmuşuq”
“”Əkinçi “qəzetinin son sayında belə bir elan verilib: “Biz xəstə olduğumuza görə ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların nə vaxt çıxacağı məlum deyil.”
Elə bu saydan sonra da Əkinçi qapadıldı. Və beləcə milli mətbuat 151 ildir ki, həmin xəstəliklə mübarizə aparır. Despotizmin yaydığı susqunluq epidemiyasına qarşı müqavimət göstərir. Bilirik ki, heç bir despotun hücumu mətbuat qarşısında öldürücü ola bilməz. İlham Əliyev də istisna deyil.
Əksinə, elə onun özünün mediaya ehtiyacı var. 4 ildir ki, sərasər Şuşada Beynəlxalq Media Forumu keçirir. İşi düşəndə jurnalistləri başına yığıb mətbuat vasitəsilə, onlardan istifadə edərək öz fikirlərini dünyaya çatdırır. Lakin özündən başqa heç bir kəsə bu haqqı tanımır.
Güc strukturları düşüncə üyüdən qaranlıq dəyirmanlara çevirilib. Hətta sosial media üzərindən sistemə qarşı ən kövrək etiraz da həbslə nəticələnir.
Elə bu ay Meydan TV-də yayımlanan bir süjetdə vətəndaş deyir ki, onun atası Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşının törətdiyi avtoqəzada ölüb, polis isə işi ört-basdır edib. Mediada bu məlumatı görən dövlət dərhal hərəkətə keçib, danışan adamı polis bölməsinə gətirib, təhdidlə videonun silinməsini tələb edib. Məqsədinə nail ola bilmədikdə də vətəndaşı 15 sutka həbslə cəzalandırıb.
Bu hadisə özlüyündə iki faktı təsdiqləyir. Birincisi, biz jurnalistləri həbs etməklə hökumət bütün tənqidi səsləri boğmağı hədəfləyib. İkincisi də, bu hədəfinə sadəcə olaraq çata bilməyib. Və indi də mediaya danışan vətəndaş ovuna çıxıb.
Necə ki, 20 ay əvvəl polis dövləti bizim qanunsuz həbsimizi təşkil etmək üçün yüzlərlə əməkdaş səfərbər etmişdi. Həmin vaxt təkcə özümüz yox, kamera, mikrofon və kompüter avadanlıqlarımız da həbs həyatına məhkum edildi. Yəni hökumət üçün tək biz yox, informasiyanın hazırlanmasında istifadə olunan həmin avadanlıqlar da təhlükəli sayıldı.
Antik bir çağda qəbilənin əlinə kamera düşsə, onunla nə edərdisə, YAP hakimiyyəti media vasitələrinə o cür münasibət göstərir.
Biz həmin kiçik əl kameralarımızla ölkəboyu baş verən sistemli hüquqsuzluğa diqqət çəkmişik.
Bərabərlik, dəyişiklik, azadlıq və demokratiyaya çağırışlar üçün alternativ tribuna yaratmışıq. Həqiqətə və vətəndaşlara sədaqət göstərmişik.
Rəsmilərin həyasızcasına məsuliyyətdən qaçmasından, hakim ailənin xətrinə dəyməyən heç kəsin cəzalanmamasından yazmışıq.
Gündüzlər haqlarını gəzən vətəndaşlarla dövlət qurumlarının qəbul otaqlarında axşamlamışıq. Gecələr yorğana bürünüb, quru yolda yatanlarla dövlət axtarışına çıxmışıq.
Və həmin dövlət bu gün Meydan TV-ni cəzalandırmağa çalışır. Çünki Meydan TV məhz həmin dövlətin olmadığı yerlərdə peyda olub.
Fəaliyyətimiz boyunca saysız maneə ilə üzləşmişik. Arxivimiz, kadrlarımızın önünü kəsən zorba əl görüntüləri, polis zorakılıqları, “jurnalistəm” harayları ilə zəngindir.
Jurnalistlərin ölkədən çıxışına, vətəndaşların sayta girişinə qoyulan qadağa, “Media Haqqında” Qanun, Medianın İnkişaf Agentliyi kimi mətbuat üzərində təzyiq mexanizmləri işə salınıb.
Müstəqil medianın fəaliyyətini sarsıtmaq üçün amansız repressiya həyata keçirilib. Lakin görülən tədbirlərin heç biri xəbər eşqimin alovunu söndürə bilməyib. Oğrun-oğrun, xısın-xısın qoparmışıq həqiqətdən parçaları. Və pazlın yığılmasından səbri tükənən ölkə başçısı fəaliyyətimizi həbsxana divarları arasında məhdudlaşdırıb.
O, xidmət etməyə and içdiyi 10 milyondan çox əhalinin azad mediaya çatma, danışma haqqını əlindən alıb. Qadağaların siyahısını genişləndirdikcə xalqı özünün uydurduğu qanunların məngənəsində boğub.
Bir ingilis mütəfəkkiri deyir ki, “məhz fikri ifadə etmək azadlığını pozmaq insanlığa qarşı quldurluqdur.”
Və faktiki olaraq Meydan TV 2024-cü ilin 6 dekabrında quldur hücumuna məruz qalıb. Hakimiyyət son nöqtəni məhkəmənin əli ilə qoymaqla cinayətinə qanuni don geyindirmək istəyir.
Lakin Əliyevin pulla aldığı sistem nökərləri daxil, kimsə bu tamaşanın ciddiliyinə inanmır. Bütün bəzəkli çıxışlarının arxasından onun özünün bir qaçaqmalçı olması həqiqəti boylanır.
Psixologiya bu fenomen “Proyeksiya” adlanır. Bir insanın mənfi xüsusiyyətlərini, istəkləri və ya səhvlərini başqasının üzərinə ataraq özünü müdafiə etməsi mexanizmi. Ancaq bu mexanizm bizə çoxdan tanışdır.
Milli mətbuatımız yarandığı gündən güc sahibləri ilə savaş içindədir. Müstəqillik savaşı Azərbaycan jurnalistikasının ürəyində yatın və mətbuat tariximiz aşılması çətin maneələrin öhdəsindən vecdanla gələn peşəkarlardan təsirlənir.
Məhz onlar bu ölkədə azad mətbuat mirasını bizə qədər daşıyıb, xalq qarşısındakı məsuliyyəti çiyinlərimizə buraxmışlar. Biz də öz peşəmizə möhkəmcə sarılmışıq və onu inadla müdafiə edirik.
“Əkinçi” qəzeti öz dövrünün tələblərindən irəli gələrək qapanmaq məcburiyyətində qaldı. Ancaq yeni dövrün reallıqları iqtidara müstəqil medianı oyundan kənar buraxmağa imkan vermədi.
Azərbaycan azad mətbuatın varlığı yalan və manipulyasiya dənizində bir ada olaraq qaldı. Medialar fəaliyyətlərini davam etdirirlər. Və bunun qarşsını heç bir güc ala bilməyəcək!”


