Həbsdə olan jurnalist Nərgiz Absalamova: “MRT istədim, həkim dedi: ‘Xoruz banlamırdı, səhər açılmırdı?’”
“Abzas Media”nın həbsdə olan jurnalisti Nərgiz Absalamova Lənkəran Penitensiar Kompleksində səhhətində yaranan problemlərə baxmayaraq, aylardır tələb etdiyi MRT müayinəsindən keçirilmədiyini bildirib.
Jurnalist həbsxanadan yazdığı məktubda 14-15 yaşından haymoritdən əziyyət çəkdiyini, Lənkəran Penitensiar Kompleksinə köçürüldükdən sonra isə xəstəliyinin ağırlaşdığını və nəfəs almaqda ciddi çətinliklər yaşadığını qeyd edib.
Absalamovanın sözlərinə görə, əvvəllər gecə bir dəfə istifadə etdiyi “Naftizin” preparatına hazırda təxminən hər iki saatdan bir ehtiyac duyur.
“Aylar keçirdi, nəfəs almağım çətinləşirdi”
Jurnalist bildirir ki, təxminən 6-7 ay əvvəl kompleksin baş həkimi İbrahim Bağırlıya müraciət edərək MRT müayinəsindən keçirilməsini istəyib.
Onun sözlərinə görə, uzunmüddətli müraciət və şikayətlərdən sonra baş həkim bunun üçün Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət edildiyini bildirib. Lakin aylarla nəticə olmayıb.
Absalamova yazır ki, yalnız dörd ay sonra – mayın 26-da tibbi hissədə LOR həkimi tərəfindən müayinə edilib.
Jurnalistin təsvirinə görə, müayinə zamanı həkim burnuna baxaraq onda haymorit olduğunu bildirib. Absalamova isə bunun kifayət etmədiyini deyərək MRT tələb edib.
Onun sözlərinə görə, həkimin cavabı belə olub:
“Neyləyirik MRT-ni? İndiki həkimlərdir MRT istəyir. O vaxt MRT-filan yox idi. Xoruz banlamırdı, səhər açılmırdı?”
Absalamova xəstəliyin hansı dərəcədə olduğunu bu üsulla müəyyən etməyin mümkünlüyünü soruşduqda həkimin əvvəlcə “Nə dərəcəsi? Əməlli-başlı haymoritsən də”, daha sonra isə xəstəliyin “orta dərəcədə” olduğunu söylədiyini yazır.
“Naftizin məndə artıq asılılıq yaradıb”
Jurnalistin sözlərinə görə, həkim ona yenidən “Naftizin” yazmaq istəyib. Absalamova uzun müddətdir həmin preparatdan istifadə etdiyini və artıq effekt vermədiyini söyləyərək buna etiraz edib.
O bildirir ki, mübahisədən sonra həkim başqa preparat yazmağa razılaşıb və sonda MRT müayinəsinə göstəriş verib.
Lakin jurnalistin sözlərinə görə, bundan sonra da müayinə həyata keçirilməyib.
“MRT müayinəsi üçün müraciət etdiyim vaxtdan bəri üç fəsil dəyişib… Di gəl ki, hələ də mənim müayinə vaxtım yetişmir”, – Absalamova yazıb.
O bildirir ki, kompleksin baş həkimindən hər dəfə MRT-yə nə zaman aparılacağını soruşsa da, artıq konkret cavab ala bilmir.
Sonuncu dəfə baş həkimin onun sualına yalnız çiyinlərini çəkməklə cavab verdiyini deyir.
Nərgiz Absalamovanın səsləndirdiyi iddialarla bağlı Lənkəran Penitensiar Kompleksi və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin mövqeyi açıqlanmayıb.


