Xəbərlər

Rüfət Səfərov: “Milli sərvətlər hakim sinif arasında bölüşdürülməməlidir”

Hörümcək 29.08.2026 🕒 3 dəq oxuma

Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Rüfət Səfərov barəsində çıxarılmış 8 il müddətinə azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayıb.

Avqustun 24-də keçirilən prosesdə müdafiə tərəfi işə qismən məhkəmə istintaqı aparılmaqla baxılması və üç polis əməkdaşının şahid qismində dindirilməsi barədə vəsatətlər qaldırıb. Məhkəmə vəsatətləri təmin etməyib.

Rüfət Səfərov külli miqdarda ziyan vurmaqla dələduzluq, qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıqda ittiham olunur. Hüquq müdafiəçisi ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Səfərov Apellyasiya Məhkəməsindəki çıxışında ona qarşı irəli sürülmüş ittihamların saxta olduğunu deyib və son 10 ildə üç dəfə həbs edilməsini insan hüquqları sahəsindəki fəaliyyəti ilə əlaqələndirib.

O, vaxtilə prokurorluq orqanlarında çalışdığını, karyera və maddi imkanlarının olmasına baxmayaraq dövlət qulluğundan istefa verərək insan hüquqlarının müdafiəsi ilə məşğul olmağı seçdiyini bildirib.

Milli sərvətlər hakim sinfin arasında bölüşdürülməli deyil. Tam əksinə, bütün vətəndaşlar bərabər şəkildə faydalanmalı, ictimai rifaha səy göstərilməlidir”, – Səfərov çıxışında deyib.

Hüquq müdafiəçisi korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin, qanunların hamıya bərabər tətbiq edilməsinin və vətəndaşların dövlət qurumlarından qorxmadığı hüquqi mühitin yaradılmasının vacibliyini vurğulayıb.

“Azərbaycanlılar başqa cür düşündüyünə görə zülm altında inləməli deyil. Dövlət idarəçiliyində dərəbəylik, özbaşınalıq öz yerini hüquq qaydasına verməlidir”, – o bildirib.

Səfərov ölkədəki vəziyyətin ağır olduğunu desə də, ümidsizliyə əsas olmadığını söyləyib. O, jurnalist Elmar Hüseynovun qətlini, “Abzas Media”, “Toplum TV” və “Meydan TV” əməkdaşlarının həbslərini, eləcə də hüquq müdafiəçisi Oqtay Gülalıyevin başına gələnləri xatırladaraq təzyiqlərə baxmayaraq müstəqil jurnalistika və vətəndaş cəmiyyətinin fəaliyyətini davam etdirdiyini vurğulayıb.

“Bəzən azadlıqları, bəzənsə həyatları bahasına mücadilə verən demokratiya tərəfdarları dünən də olub, bu gün də var, sabah da olacaq. Tez və ya gec, bu diyarda hüquq dövləti qurulacaq. Buna inanıram”, – Rüfət Səfərov bildirib.

Çıxışının sonunda hüquq müdafiəçisi məhkəmə sistemini də sərt tənqid edib və hakimləri müstəqil qərar verməyə çağırıb.

Rüfət Səfərovun siyasi sifariş və hakimiyyətin məhkəmələrə müdaxiləsi ilə bağlı səsləndirdiyi ittihamlara rəsmi qurumların bu çıxış çərçivəsində açıqlanmış mövqeyi yoxdur.

Paylaş:

Əlaqəli Məqalələr