İnsan Hüquqları

Fazil Qasımov məhkəməyə aparılmamasına etiraz olaraq quru aclığa başlayıb

Hörümcək 21.09.2026 🕒 3 dəq oxuma

Həbsdə olan iqtisadçı-alim Fazil Qasımov Nərimanov Rayon Məhkəməsində şikayətinə baxılan iclaslara aparılmamasına etiraz olaraq sentyabrın 19-dan quru aclığa başladığını bildirib.

Bu barədə onun yaxınları məlumat veriblər.

Qasımov iddia edir ki, ibtidai istintaq zamanı müdafiəsinə qoşulmaq istəyən vəkillərdən imtina ərizəsi onun adından müstəntiq Yusif Yusifov tərəfindən yazılıb və imzası saxtalaşdırılıb. O, bununla bağlı Nərimanov Rayon Məhkəməsinə şikayət edib.

Yaxınlarının bildirdiyinə görə, şikayət dörd aydır məhkəmənin icraatında olsa da, Qasımov iclaslara aparılmır. O, Penitensiar Xidmət və konvoy əməkdaşlarının müxtəlif səbəblərlə onun məhkəmədə iştirakına mane olduğunu iddia edir.

Məlumata görə, avqustun 21-də Qasımovun həm apellyasiya instansiyasına, həm də Nərimanov Rayon Məhkəməsinə aparılması nəzərdə tutulub. Lakin onun ikinci məhkəmə iclasına çatdırılmadığı bildirilir. Sentyabrın 4-də də oxşar vəziyyətin yaşandığı qeyd olunur.

Sentyabrın 16-da isə Qasımovun Nərimanov və Nəsimi rayon məhkəmələrində iclasları təyin edilib. Yaxınlarının iddiasına görə, o, Nərimanov Rayon Məhkəməsindəki şikayətinə baxılmasını istədiyi üçün Nəsimi Rayon Məhkəməsinə getməkdən imtina edib. Bundan sonra konvoy əməkdaşının ona zor tətbiq edərək avtomobilə mindirdiyi bildirilir.

İmzanın saxtalaşdırılması iddiası ilə bağlı Baş Prokurorluğun hərəkətsizliyindən verilmiş şikayətə Səbail Rayon Məhkəməsində də baxılıb. Məhkəmə iyulun 30-da şikayəti təmin edərək qurumun hərəkətsizliyini qanunsuz sayıb və sənədin saxtalaşdırılması, eləcə də müdafiə hüququnun pozulması barədə iddiaların araşdırılmasına qərar verib.

İş materiallarına əlavə edilmiş Alternativ Ekspertiza Mərkəzinin 14 aprel 2026-cı il tarixli rəyində mübahisəli imzanın Fazil Qasımov tərəfindən deyil, başqa şəxs tərəfindən atıldığı göstərilib.

Qasımov bildirir ki, həmin ərizə əsasında vəkilləri Eldar Qədimi və Araz Allahverdiyev prosesdən kənarlaşdırılıblar. O, müstəntiq Yusif Yusifovun və keçmiş vəkili Anar Qasımlının hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir.

Fazil Qasımov 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. O, saxta pul və ya xarici valyutanın hazırlanması, əldə edilməsi və satışı ilə bağlı ittihamlar üzrə ötən ilin martında 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qasımovun quru aclığa başlaması və məhkəmə iclaslarına aparılmaması ilə bağlı Penitensiar Xidmətin mövqeyi açıqlanmayıb.

Paylaş:

Əlaqəli Məqalələr