Siyasət

Azərbaycanda sosial şəbəkələr üçün yaş həddi 16-ya qaldırıla bilər

Hörümcək 11.06.2026 🕒 3 dəq oxuma

Azərbaycanda azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yeni məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, sosial media platformalarında qeydiyyat üçün yaş həddinin 13-dən 16-ya qaldırılması təklif edilir.

Müzakirə olunan dəyişikliklərə görə, 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdə hesab yaratması qadağan ediləcək. Qanun qüvvəyə mindikdən sonra mövcud hesabların da yoxlanılması planlaşdırılır. Yaşı təsdiqlənməyən hesabların silinə biləcəyi bildirilir.

Qanun layihəsi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklikləri əhatə edir. Layihədə həmçinin sosial media şirkətlərinin Azərbaycanda nümayəndəlik açması tələbi də yer alıb. Tələblərə əməl etməyən platformalar üçün maliyyə sanksiyaları və bloklanma tədbirləri nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı ilin sentyabrından etibarən ölkədə elektron ticarət qaydasında xidmət göstərən və illik dövriyyəsi 10 min ABŞ dollarını aşan xarici rəqəmsal xidmət təchizatçıları üçün elektron qeydiyyat məcburi olacaq. Hazırda “Apple”, “Adobe”, “Sony Interactive Entertainment”, “Epic Games” və “Chess.com” daxil olmaqla bir sıra beynəlxalq şirkətlər vergi uçotuna alınıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas bildirib ki, qanun qüvvəyə mindikdən sonra sosial media platformalarına tələblərə uyğunlaşmaq üçün 12 ay vaxt veriləcək. Onun sözlərinə görə, “Meta”, “Google” və “TikTok” kimi şirkətlər qanunun tələblərinə əməl edəcəkləri halda Azərbaycanda nümayəndəlik və dəstək xidmətləri yarada bilərlər.

İnternet texnologiyaları üzrə ekspert Osman Gündüz isə yaş məhdudiyyətinin tətbiqinin texniki və hüquqi çətinliklər yarada biləcəyini bildirib. O qeyd edib ki, yaşın təsdiqi üçün nəzərdə tutulan mobil nömrə, elektron poçt və bank kartı kimi vasitələrdən yan keçmək mümkündür. Ekspert həmçinin milyonlarla istifadəçinin şəxsi məlumatlarının xarici platformalara ötürülməsi riskinə diqqət çəkib.

Hüquqşünas Yalçın İmanov isə uşaqların qorunması məqsədilə müəyyən məhdudiyyətlərin beynəlxalq təcrübədə mövcud olduğunu desə də, qanun layihələrinin geniş ictimai müzakirədən keçirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, hansı məzmunların və platformaların məhdudlaşdırılacağı barədə şəffaflıq təmin edilməlidir.

Hazırda Azərbaycanda təxminən 7,6 milyon sosial media istifadəçisi olduğu bildirilir. Statistikaya görə, ölkədə “Instagram”ın 4,7 milyon, “Facebook”un 1,65 milyon, “TikTok”un isə 6 milyondan çox istifadəçisi var.

Paylaş: