“Məclis.info”nun rəhbəri İmran Əliyevə 10 il, Elgiz Qəhrəmana 9 il həbs cəzası verildi
“Məclis.info” saytının rəhbəri İmran Əliyev və onunla birlikdə mühakimə olunan ictimai fəallar Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslər barəsində hökm elan olunub.
Hökmə əsasən, İmran Əliyev 10 il, Elgiz Qəhrəman isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, məhkəməyədək azadlıqda olan Elgiz Qəhrəman hökm elan edildikdən sonra məhkəmə zalında həbs olunub.
İş üzrə təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham olunublar. Bunlar 192.2.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (mütəşəkkil dəstə tərəfindən vergiləri ödəməkdən yayınma), 320.1 (sənəd saxtalaşdırma) və 320.2-ci (saxta sənədlərdən istifadə etmə) maddələridir.
Tamella Musayeva barəsində çıxarılan hökmün detalları barədə isə məlumat verilməyib.


